Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasında ümumxalq səsverməsi - referenduma hazırlıq iclası keçirildi
Sen 19 , 2016 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 2892 )

19.09.2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun akt zalında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə yığıncaq keçirildi. İclas Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendum haqqında elmi müstəvidə fikir mübadiləsi aparmaq, bu prosesdə Akademiya gəncliyinin yüksək səviyyədə iştirakının təmin olunması üçün AMEA Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin üzərinə düşən vəzifələrin müzakirəsinə həsr olunmuşdu. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli şəkildə inkişaf etməsi və ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsində və cəmiyyət həyatında daim yeni islahatları meydana çıxarır. Azərbaycan Respublikası müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və genişmiqyaslı islahatların sayəsində irəli gedərək bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Daha doğrusu, inkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də, öz növbəsində, böyük inkişafa təkan vermişdir. Hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək üçün zaman növbəti islahatların sifarişini irəli sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı tarixi epoxada daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlmişdir. Ölkəmizin rəhbəri tərəfindən irəli sürülmüş düşünülmüş dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm nailiyyətlərin və yeniləşmələrin əldə edilməsinə meydan açır. Əslində, təklif edilən dəyişikliklər respublikamızda dövlət müstəqilliyinin 25 il ərzində keçilmiş inkişaf yolunun dərslərindən çıxarılan mühüm nəticələrdir. Müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsində ölkəmizin hər bir vətəndaşı maraqlı olduğu üçün Konstitusiyaya təklif edilən dəyişikliklər bütövlükdə xalqımızın mili maraqlarını və dövlətçilik ideallarını ifadə edir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında deyildiyi kimi, təklif olunan dəyişikliklər ölkəmizin ümumxalq səsverməsi ilə qəbul olunmuş Baş Qanunnaməsinin - Konstitusiyamızın tələblərinə və prinsiplərinə tamamilə uyğundur. Bu, eyni zamanda, tarixə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə daxil olmuş Azərbaycan Respublikasının Konstitusiyasının cəmiyyətdə baş verən proseslərə açıq olduğunu və mövcud reallıqlardan doğan dəyişikliklərlə zənginləşdiyini bir daha nümayiş etdirir. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində irəli sürülən təkliflər ilk növbədə ölkəmizdə demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaqdır. Bu istiqamətdə indiyədək də Azərbaycan cəmiyyətində daim islahatlar həyata keçirilmiş, ciddi bir inkişaf səviyyəsinə nail olunmuşdur. Azərbaycan cəmiyyətinin yeni inkişaf mərhələsinin tələbatı kimi meydana çıxan dəyişikliklərin əsasən insan hüquqlarının, vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinə aid olması geniş mənada müstəqil Azərbaycan dövlətinin mənbəyi olan xalqın mənafelərinin möhkəmləndirilməsinə şərait yaradır. Akademik bildirdi ki, Azərbaycan Respublikası Baş nazirinin və Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə dair Referendum Aktı layihəsində əksini tapmış dəyişikliklər öz məntiqi etibarilə Konstitusiyada edilməsi nəzərdə tutulan yeniləşmələrlə tamamilə uyğundur. Bu, yeni, genişləndirilmiş dövlət idarəçilik sistemi təbii olaraq həmin böyük spektrdə idarəetməni məqsədyönlü şəkildə təmin etmək üçün Prezident üsuli-idarəsində də yeni strukturların yaradılması zərurətini meydana qoyur. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktında Konstitusiyanın 103, 105, 106, 108, 110-cu maddələrində ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq öz əksini tapmış vitse-prezidentlik institutuna dair müddəalar tamamilə yenidir və nəticə etibarilə Prezident idarəetməsi institutunun daha da inkişaf etdirilməsinə xidmət edir. Prezident hakimiyyətinə əsaslanan idarəetmə sistemində Referendum Aktının müddəalarına əsasən birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin müəyyənləşdirilməsi qəbul olunmuş idarəçilik sisteminin normal fəaliyyətinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Referendum Aktının layihəsində seçilmək hüququ ilə əlaqədar müəyyən edilən 18 yaş həddi ölkəmizdə uğurla həyata keçirilməkdə olan gənclər hərəkatının idealları ilə tam səsləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizin daha da inkişaf etdirilməsi istiqamətində gəncliyə açdığı geniş meydan ölkəmizin yeni nəslinin istedadlı, bacarıqlı, hərtərəfli hazırlığa malik nümayəndələrinin cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmışdır. Artıq respublikamızda gənclər müasir cəmiyyətin böyük qurucularına çevrilmişlər. Ona görə də seçilmək hüququ üzrə mövcud məhdudiyyətlərin aradan qaldırılması müstəqil Azərbaycan dövlətinin yeni nəslinin cəmiyyətin inkişafında daha yaxından və məsuliyyətlə iştirak etmələrinə yol açacaqdır. Bu həm də müasir gənc nəsli ölkə miqyaslı böyük sınaqlara səfərbər etmək üçün də əhəmiyyətli addımdır. Hesab edirəm ki, dünyada özünün yüksək intellektual potensialı və dərin mənəvi dəyərləri ilə fərqlənən Azərbaycan xalqının yeni nəsilləri üçün müəyyən edilən 18 yaş həddində seçilmək hüququ xalqımızın, xüsusən yeni nəslin istedadını və qabiliyyətlərini üzə çıxarmaq baxımından da əhəmiyyətli olacaqdır. O, bildirdi ki, Referendum Aktının layihəsində Azərbaycan Respublikasının Prezidentinin fəaliyyət dövrünün 5 il əvəzinə 7 il müddətində nəzərdə tutulması da, fikrimcə, respublikamızda müasir inkişafın real məntiqindən doğan təbii haldır. İlk növbədə ölkəmiz üçün, həm də region, ümumiyyətlə dünya üçün əhəmiyyətli olan bu möhtəşəm proqramların həyata keçirilməsi baxımından təklif edilən 7 illik Prezidentlik müddəti daha geniş perspektivlər vəd edir. Davamlı proseslər ərzində görüləcək işlər, reallaşdırılacaq böyük layihələr Azərbaycanın daha irəli getməsinə, problemlərinin müsbət və uğurlu həllinə imkan yaradacaqdır. Bu mənada ölkəmizin və xalqımızın, o cümlədən regionun inkişafı üçün 7 illik dövlət rəhbərliyinin təmin edilməsi daha məqsədəuyğundur. Bu, daha böyük inkişafın daha möhkəm təminatıdır. Akademikin sözlərinə görə, bütövlükdə “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum Aktı müstəqil Azərbaycanda dövlət idarəçilik mexanizminin, siyasi sistemin daha da genişləndirilməsi və möhkəmləndirilməsi yolu ilə müstəqilliyimizin inkişafına və ümumiyyətlə yeni inkişafa təminat verir. Bütün bunlara görə yeni tarixi epoxada Konstitusiyamıza dəyişiklik edilməsi nəzərdə tutulmuş müddəaların, ümumiyyətlə yeni Referendum Aktının irəli sürdüyü islahatların mahiyyətini xalqımıza çatdırmaq, bu müddəaları Azərbaycan cəmiyyətinin dinamik inkişaf templəri və gələcək perspektivləri ilə birlikdə təbliğ etmək hər bir ziyalının ən mühüm və şərəfli vəzifəsi və borcudur.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov isə qeyd etdi ki,  təklif olunan dəyişiklər arasında Azərbaycanda vitse-prezidentlik postunun yaradılması da var. Onun fikrincə, hər bir ölkədə olduğu kimi respublikamızda da Konstitutsiya dövlət quruculuğunun baslıca istiqamətlərini müəyyən edir, hakimiyyət bölgüsü aparır, insan və vətəndaşların hüquq və azadlıqlarını və vətəndaşların qüdrətli dövlət qurma arzularının fundamental əsaslarını özündə ehtiva edir. Bizim yaşadığımız mürəkkəb geosiyasi məkan da tələb edir ki, dövlətimiz qüdrətli olsun. Bu nöqteyi-nəzərdən biz gənc alimlər də hesab edir ki, referendumun müsbət nəticəsi olaraq ölkəmizin daha da qüdrətini artıracaq güclü prezident institutu qurulacaq.

Toplantıda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və MÜtəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı mövzu ətrafında çıxış edərək, rəy və fikirlərinin bölüşdülər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.