Okt 15 , 2016 | 01:00 / Elmi müsabiqələr
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin (EİF/GAM-3-2014-6(21)) qalibi olmuş EİF/GAM-3-2014-6(21)-24/11/2-M-02 nömrəli“Azərbaycan palçıq vulkanlarının fəaliyyətində geoekoloji riskin qiymətləndirilməsi” mövzusunda müştərək layihə AMEA Geologiya və Geofizika və Radiasiya Problemləri institutlarının gənc tədqiqatçılarından ibarət kollektiv tərəfindən birgə yerinə yetirilir.
2016-cı ilin yanvar ayından start götürən və gələn ilin əvvəlinə kimi davam edəcək bir illik qrant layihəsinin məqsədi Azərbaycanda palçıq vulkanının hər hansı fəaliyyəti ilə əlaqədar olaraq ətraf mühit üçün yaranan potensial təhlükə riskini elmi əsaslandırmaq və qiymətləndirməkdir. Bununla bağlı, respublikanın Abşeron, Şamaxı-Qobustan, Quba-Xəzəryanı və s. neftli-qazlı rayonlarında inkişaf tapan və geoekoloji cəhətdən risk daşıyan palçıq vulkanlarının müəyyənləşdirilməsi, onların periodik fəaliyyətinin araşdırılması, həmçinin vulkanik və ona yaxın ərazilərdə spesifik landşaftların əmələgəlməsinə, differensasiyası və morfologiyasına təsir edən təbii və antropogen amillərin, eləcə də baş verən püskürmələr nəticəsində atmosferə xaric olunan karbohidogenlərin miqdarının qiymətləndirilməsi və s. işlər mövcud faktiki materialların təhlili və hesabat dövründə aparılan çöl-tədqiqat işlərilə öyrənilir.
Layihə çərçivəsində qarşıya qoyulan məsələlərin məsqədəmüvafiq həlli üçün gənc mütəxəssislər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu” Dövlət Təbiət Qoruğunun, Fransanın Lil Universitetinin, Rusiya Elmlər Akademiyasının Novosibirsk Bölməsinin V.S. Sobolev adına Geologiya və Mineralogiya İnstitutunun və Ukrayna Milli Elmlər Akademiyasının “Dəniz Geologoyası və Çöküntü-Filiz Əmələgəlməsi” Bölməsinin əməkdaşları ilə informasiya mübadiləsi aparırlar.
Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Dəniz Geologiyası və Geofizikası İnstitutunun əməkdaşı ilə aparılan müştərək tədqiqatların ilkin nəticələri 12 oktyabr 2016-cı il tarixində Gəncədə keçirilən “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin Beynəlxalq Forumunun ''Qlobal enerji, ərzaq və ekoloji təhlükəsizlik'' adlı panelində geniş müzakirə edilib.
Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işıisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun rəhbərlik etdiyi layihə ilə bağlı tədqiqatlar davam etdirilir. Tədqiqatların nəticələrinə dair məlumatların nüfuzlu yerli və xarici nəşrlərdə çap etdirilməsi nəzərdə tutulur.