Fotos
AMEA-nın elmi-ictimai fəaliyyəti ilə seçilən gənc lideri
Fev 12 , 2019 | 10:28 /
Oxunma ( 109 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, AMEA Radiyasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovun ad günüdür. Qısa dövr ərzində öz elmi və ictimai fəaliyyəti ilə nəinki Akademiyada, respublikamızda  seçilən gənc alimlərindən biri olmağı bacaran Famin müəllim hər kəsin edə bilmədiyi uğurlara erkən yaşlarında imza ata bilmişdir. Zngin tərcümeyi halına nəzər yetirsək görərik ki, Famin Tahir oğlu Salmanov 1979-cu il fevral ayının 12-də Astara rayonunda ziyalı ailəsində anadan olub. 1986-1996-cı illərdə Şiyəkəran kənd 1 saylı orta məktəbində təhsil alıb. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin “Fizika fakültəsi”nin bakalavr, 2000-2002-ci illərdə həmin fakültənin “Plazma fizikası” ixtisası üzrə magistratura pilləsini müvəffəqiyyətlə bitirib. 2002-ci ildə AMEA Radiasiya Problemləri İnstitutunda aspiranturaya qəbul olunub və 2005-ci ildə akademik təhsilini başa vurub. 2007-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edən Famin Salmanov fizika üzrə fəlsəfə doktoru, alimlik dərəcəsinə layiq görülüb. 2012-ci ildə isə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib. Hazırda, Radiasiya Problemləri İnstitutunda elmi fəaliyyətini aparıcı elmi işçi kimi davam etdirməklə Yarımkeçiricilər və dielektriklər fizikası üzrə tanınmış gənc mütəxəssisdir. Ən əsası da elmlər doktoru üzrə dissertasiya işini müdafiə ərəfəsindədir.

Elmi fəaliyyəti dövründə tədqiqat işlərinin əsas nəticələri bir sıra nüfuzlu yerli və xarici elmi konfrans, forum, konqres və s. geniş müzakirə olunub və məqalə, tezis şəklində nəşr edilib. Ümumi elmi əsrələrinin sayı 100-ü keçib. Çağdaş dünyamızda əsl elm adamına verilən dəyər onun təkcə ölkə hüdudlarında deyil, dünya elminə verə bildiyi töhvələrlə səciyələndirilir. Bu isə apardığın elmi tədqiqat işlərini xaricdə nüfuzlu jurnallarda dərc etdirə bilmək və onlara olan elmi istinadlarla mümkündür. F.Salmanov bu nöqeyi-nəzərdən seçilən gənc alimlərimizdəndir. Xaricdə çap olunmuş əsərlərinin əksəriyyəti ideksləşdirilmiş aparıcı ölkələrin yüksək, nüfuzlu impakt-faktorlu jurnalların payına düşür. Onun “Google scholar” və “Researchgate” kimi elmimetrik bazalardakı əsərlərinə olan istinadların sayı kifayət qədər yüksədir, bu göstəriciyə görə respublikada fzika sahəsində çalışan gənclər arasında liderlərdəndir.

Uğurlu elmi fəaliyyətilə bərabər elə gənc yaşlarından aktiv ictimai fəaliyyətlə məşğul olmağa başlayıb. Məhz bu elmi-ictimai fəaliyyəti nəzərə alınaraq, AMEA-nın Rəyasət Heyətinin “AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması” haqqında müvafiq qərarına uyğun olaraq 2014-cü ilin yanvar ayında AMEA-nın elmi müəssisələrinin gənc alim və mütəxəssislərinin ümumi yığıncağında AMEA Gənc Alim  və Mütəxəssislər Şurasının İdarə Heyətinin sədri seçilib. Onun rəhbərlik etdiyi birlik AMEA-nın 42 institut və təşkilatlarında fəaliyyət göstərən yerli gənc alim və mütəxəssislər şuralarını koordinasiya etməklə, ümimilikdə 3000-dən çox üzvü özündə birləşdirir. Şuranın əsas məqsədi Azərbaycanda, o cümlədən Akademiyada fəaliyyət göstərən gənclərin еlmi-ictimai fəaliyyətini dəstəkləməklə, onların müxtəlif elmi-innovativ təşəbbüslərinin stimullаşdırılmаsı, Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesində gənclərə metodiki və informasiya dəstəyinin verilməsi, ümumilikdə yetişməkdə olan gənc nəslin elmi klassifikasiyasının artırılması və onların milli ruhda tərbiyələndirilməsinin təmin edilməsi ilə əlaqədar çoxşaxəli fəaliyyəti idarə etməkdir. Bundan başqa, Şuranın fəaliyyətinə xüsusi perspektiv vəd edən məktəbli, tələbə və magistrantların aşkar olunması, onların elmə axınını təmin etməklə Azərbaycanda elmi-intellektual cəmiyyətin formalaşmasına dəstək vermək məsələsi də daxildir. Qeyd olunan fəaliyyətlə əlaqədar, AMEA-da Famin Salmanovun rəhbərliyi altında bir sıra yerli və beynəlxalq statuslu qeyri-ənənəvi layihələr həyata keçirilib. Akademiya elminin ölkə üzrə populyarlaşdırılması, elm və təhsilin vəhdətinin  təmin edilməsi, böyük perspektiv vəd edən gənclərin aşkarlanıb elmə cəlb edilməsi üçün AMEA-nın elmi müəsissələrində aparılan elmi-tədqat işlərinin nəticələrinin regionlarda təbliği və təşviqilə əlaqədar, orta məktəblərdə təşkil olunan “Bu günün şagirdi, sabahın alimi” adlı əyləncəli təcrübələr, “Məntiqlə düşün”, “Zəka savaşı” adlı olimpiada və bilik yarışları, universitetlərdə isə “Ən son elmi nailiyyətlərimiz” adlı ənənəvi xarakterli elmi seminarlar, məhz gənc liderin rəhbərlik etdiyi layihələrdəndir. AMEA-nın ayrı-ayrı institut və təşkilatlarında çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə “Ən yaxşı elmi məruzə”, “Ən yaxşı elmi məqalə”, “Ən yaxşı tədqiqat işi”, “İlin gənc alimi” kimi müxtəlif elmi müsabiqələrin hazırlanıb, təşkil olunmasının ənənəvi hal alması Famin Salmanovun Şuraya rəhbərlik etdiyi dövrə təsadüf edir.

Akademiya gəncliyinin asudə vaxtlarının səmərəli təşkili, onların idman ruhunda tərbiyələndirilməsi, həmçinin elmi gənclik arasında dostluq və həmkarlıq münasibətlərinin gücləndirilməsinə xidmət edən AMEA-nın elmi təşkilatları arasında “AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatı” kimi idman layihəsinin ənənəvi həyata keçirilməsi də Famin Salmanovun rəhbərliyi ilə mümkün olub.

Gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin nəşri və geniş elmi ictimaiyyətə çatdırılması ilə əlaqədar “gencalimler.az” adlı rəsmi internet saytı, AAK-nın tövsiyə olunmuş nəşrləri sırasında özünə yer etmiş “Gənc tədqiqatçı”  adlı elmi-dövri jurnalın (azərbaycan və ingilis dilində) təsis edilməsi Famin Salmanovun uğurlu fəaliyyətinin məntiqi nəticəsidir.

Fəaliyyəti dövründə, o, Şuranın beynəlxalq elmi əməkdaşlıq perspektivliyini də daim diqqətdə saxlayaraq, Rusiya, Türkiyə, Almaniya və s. ölkələrdə fəaliyyət göstərən Elmlər Akademiyalarının eyni adlı təşkilatları ilə əməkdaşlığa dair müxtəlif razılaşmaların imzalanmasına nail ola bilib. Famin Salmanovun beynəlxalq elmi-ictimai fəaliyyəti, onun 2014-cü ildən MDB Gənc Alimlər Şurasının İdarə Heyətində təmsil olunmasına rəvac verib.

Onun uğurlu elmi-ictimai fəaliyəti diqqətdən kənarda qalmamışdir. Belə ki, O, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi 
“İlin Gənc Alimi ˗ 2012”, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı (2016), həmçinin çoxsaylı diplom və təltiflərə layiq görülüb.

Təbii ki, bütün bunlar başlanğıcdır. F.Salmanovun yeri elmin ən yüksək pillələrində görünür. O hələ bundan sonra daha yüksək akademik vəzifələrdə yüksək akademik adlar altında Azərbaycan elminə böyük təhvələr verməkdə davam edəcək. O zaman onun haqqında zəngin məlumatları ancaq biblioqrafik kitaba sığışdırmaq mümkün olacaq.

Ölkəmiz, Akademiyamız üçün dəyərli olan bu gənc həmkarımızı, sözdə də, əməldə də əsl dostumuzu ad günü münasibəti ilə ürəkdən təbrik edirik. Ona bundan sonra da elmi-ictimai fəaliyyətində saysız-hesabsız uğurlar arzulayırıq.

 

g-m.ü.f.d., dosent Orxan Abbasov

k.ü.f.d., dosent Əfsun Sucayaev

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.