“Ali məktəblərin birində Arxeologiya fakültəsi açılmalıdır”
Sen 21 , 2015 | 06:00 / Musahibələr, çıxışlar
Oxunma ( 1319 )

Bəxtiyar Cəlilov: “Elmi dərəcələrin verilməsi ilə bağlı dünyanın əksər ölkələrində tətbiq edilən sistem Azərbaycanda da tətbiq edilməlidir”

Layihə çərçivəsində müsahibimiz AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji texnologiyalar şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Məzahim oğlu Cəlilovdur
- Mən - Bəxtiyar Məzahim oğlu Cəlilov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji texnologiyalar şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədriyəm. Ali təhsilimi 1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və hüquq fakültəsində almışam. İnstitutu fərqlənmə diplomu ilə bitirmişəm. Arxeologiya elminə olan maraq məni AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna gətirib çıxardı. 1998-ci ildə arxeologiya ixtisası üzrə əyani aspiranturaya daxil oldum. 2006-cı ildə “Azərbaycanın son tunc ilk dəmir dövrü metalişləmə sənətkarlığı” adlı dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam. Elmi fəaliyyətimə Arxeologiya və Etnoqrafiya İnstitutunda kiçik elmi işçi kimi başlamışam. 2004-cü ildə elmi işçi, 2007-ci ildə böyük elmi işçi vəzifələrini tutmuşam. 2012-ci ildən isə şöbə müdiri vəzifəsində işləyirəm. Bildiyiniz kimi, bizim elmi fəaliyyətimizin əsas hissəsini çöl-tədqiqat işləri təşkil edir. Belə ki, 2003-2005-ci illərdə BTC neft boru kəməri qarşısında yerləşən arxeoloji abidələrin tədqiqi layihəsində və 2006-2007-ci illərdə Azərbaycan-Fransa Beynəlxalq arxeoloji ekspedisiyasında onlarla abidənin tədqiqində iştirak etmişəm. 2008-2011-ci illərdə mənim rəhbərliyimlə İlanlıtəpə kurqanları, 2012-2014-cü illərdə Uzun Rəmə kurqanları tədqiq edilərək öyrənilib. Bu il isə rəhbərlik etdiyim arxeoloji ekspedisiya Daşkəsən rayonu ərazisində daş qutu qəbirlər və indiyədək Azərbaycan ərazisində tədqiq edilməyən, iri qaya parçalarından hazırlanmış, unikal kurqanaltı məzar tədqiq edərək öyrənib. Hal-hazırda Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri olaraq, Azərbaycanın qədim dağ-mədən işi və metallurgiyası probleminin tədqiqi üzərində işləyirik.
Elmi fəaliyyətimlə əlaqədar dəfələrlə xaricdə beynəlxalq konfranslarda iştirak etmişəm, Fransa, Almaniya və Türkiyədə elmi təcrübi mübadilə məqsədi ilə ezamiyyətlərdə olmuşam. 1 kitabın, 50-ə qədər elmi məqalənin müəllifiyəm.
-Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var? 
- Öncə qeyd edim ki, bu ixtisası sevməyən insanın bu sahədə tədqiqatlar aparması çox çətindir. Bildiyiniz kimi, arxeoloji tədqiqatlar əsasən yay aylarında, günün altında, çöl şəraitində aparılır. Havanın temperaturu 35-40 dərəcə olan zaman, insanlar kölgəlikdə sərinləməyə çalışarkən, arxeoloqlar gün altında qazıntılar aparır. Nəzərə alsaq ki, yaşayış məntəqələrindən uzaq məsafələrdə aparılan bu tətqiqatlar zamanı, müxtəlif həşərat və sürünənlərin insanı sancma riski də yüksəkdir, o zaman yalnız öz sənətini sevən insanların bu şəraitdə işləmələrini qeyd edə bilərik. Digər tərəfdən bizim elmi-tədqiqat sahəsi həddən artıq maraqlıdır. Aparılan qazıntılar zamanı aşkar edilən hər bir yeni əşya və dəlillər insana böyük sevinc gətirməklə yanaşı, bir çox qaranlıq məqamların aydınlaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Bu sahəyə maraq təkcə mütəxəssislər tərəfindən deyil, bütün cəmiyyət tərəfində böyükdür. Təsadüfi deyil ki, bu baxımdan xüsusi əhəmiyyətə malik, böyük maraq kəsb edən arxeoloji abidələr bərpa və rekonstruksiya edilərək turizm mərkəzlərinə çevrilir. Təbii ki, bu sahədə son dövrlərdə Azərbaycanda böyük işlər görülməyə başlayıb. Mən bu baxımdan Göytəpə arxeoloji parkını, Qobustanı, Antik Qəbələ və orta əsr Ağsu şəhərlərinin qalıqlarının yerüstü muzeyə çevrilməsini qeyd etmək istərdim. 
-Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var? 
- Öncə mən istərdim ümumi cəhətləri qeyd edim. Belə ki, aparılan tədqiqatlarda məqsəd və forma eynidir. Xüsusilə bu eyniyyət arxeoloji ekspedisiyaların çöl işlərində özünü daha aydın göstərir. Demək olar ki, arxeoloji qazıntı işlərinin üsul və metodları oxşardır. 
Fərqli cəhətlərə gəldikdə, əlbəttə, ilk növbədə arxeoloji ekspedisiyanın tərkibindəki mütəxəssislərin ixtisas müxtəlifliyi nəzərə çarpır. Etiraf etmək lazımdır ki, bizim ekspedisiyaların arxeometriyaya daxil olan ixtisaslar üzrə mütəxəssislərə böyük ehtiyacı var. Bunlar antropoloqlar, poleozooloqlar, poleobotaniklər, geomorfoloqlar və s. mütəxəssislərdir ki, Azərbaycan arxeologiya elminin bu kadrlara ehtiyacı var. Təbii ki, tədqiqat işinin kameral və laboratoriya mərhələsində də bu mütəxəssislərin varlığı aparılan araşdırmalarda daha dolğun elmi nəticələr əldə etməyə imkanlar yaradır. Mən burada xüsusilə inkişaf etmiş xarici ölkələrdə bu sahə üzrə olan laboratoriyaların mövcudluğunu və orada istifadə edilən yeni texnologiyaları qeyd etmək istərdim. Bilirsiniz, bütün bunlara baxmayaraq, bizim apardığımız arxeoloji tədqiqatlardan əldə edilən elmi nəticələr heç də onlardan geri qalmır. Nəzərə alsaq ki, bu ölkələrdə arxeologiya elminin yaranmasının tarixi bizdən xeyli əvvəldir, bunların təbii bir proses olduğunu söyləyə bilərik. Qeyd edim ki, artıq bizdə də bu kadrların hazırlanmasına başlanılıb. Sevindirici haldır ki, bu il institutumuza 2 nəfər gənc, antropologiya ixtisası üzrə hazırlanmaq üçün magistraturaya qəbul edilib. Düşünürəm ki, bu proses davam edərək digər sahələr üzrə də kadrların hazırlanmasına nail olunacaq. 
-Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz? 
- Belə bir fraza var: “Öz keçmişini bilməyən xalq, gələcəyini müəyyən edə bilməz”. Nəzərə alsaq ki, Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeologiya elminin payı minilliklərlə ölçülür, o zaman bu elm sahəsinin nə qədər aktual olduğunu görə bilərik. Xüsusilə bu hissə tarixin yazılı mənbələrdən əvvəlki dövrləri əhatə etdiyindən, arxeologiya elmi hər zaman aktual olacaq. Bildiyimiz kimi, hər bir xalq öz şanlı keçmiş tarixi ilə fəxr edir. Azərbaycan mədəni irsinin öyrənilməsi və dünyada təbliği baxımından arxeologiya elminin müstəsna əhəmiyyəti var. Mən bu baxımdan son dövrlərdə Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatları və onların nəticələrinə dair elmi məqalələrin xarici ölkələrin nüfuzlu jurnallarında nəşr edilməsini xüsusilə vurğulamaq istərdim. Nəzərə alsaq ki, Azərbaycanın qədim tarixinin müxtəlif səhifələrini özündə əks etdirən minlərlə arxeoloji abidələr hələ də yer altında öyrənilməmiş qalmaqdadır, o zaman, bu elm sahəsinin nə qədər aktual bir sahə olaraq qaldığı, bir daha göz önündə canlanır.
-Bu ixtisasınız yönündəAzərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz ? 
- Bu sualınız, mənim fikrimcə, həddən artıq aktual bir sual oldu. İlk növbədə bildirim ki, çox təəssüflər olsun ki, indiyədək arxeologiya ixtisası üzrə Azərbaycan ali məktəblərində kadr hazırlığı aparılmır. Bu sahəni seçən mütəxəssislər tarix və ya bu kimi fakültələrdə təhsil aldıqdan sonra, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda doktorant və dissertant olaraq arxeologiya üzrə ixisaslaşmağa başlayırlar. Bu ixtisaslaşma daha çox praktik xarakter daşıyır, belə ki, hətta bu mərhələdə də onlara ixtisas üzrə nəzəri biliklər tədris olunmur. Mütəxəssislər bu ixtisasa mövcud ədəbiyyatla tanış olmaqla və çöl tədqiqat işlərində iştirak etməklə yiyələnməli olurlar. Düşünürəm ki, ilk növbədə ən azı, ali məktəblərin birində Arxeologiya fakültəsi açılmalıdır. Burada gələcək arxeoloqlar ali baza təhsili olaraq nəzəri arxeologiyadan 4 il ərzində təhsil almalıdır. Onlara nələr tədris edilməlidir, bunun detallarına girmək istəməzdim. Eyni zamanda, hər yay tətilində, bu fakültənin tələbələrinin müxtəlif ekspedisiyaların tərkibində arxeoloji qazıntılarda iştirakı təmin edilməlidir ki, onlar aldıqları nəzəri bilirkləri praktikada möhkəmləndirsinlər. Praktik təcrübələrini Azərbaycan ərazisində işləyən beynəlxalq ekspedisiyalarda keçmələri onlar üçün daha məhsuldar ola bilər. Təbii ki, nəticədə biz qısa zaman ərzində bu sahədə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsində irəliləyişlərə nail ola bilərik.
-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər? 
- Sual çox geniş əhatəli olduğu üçün mən istərdim, daha çox elmlə bağlı olan hissələrə toxunum. İlk növbədə son illər təhsildə aparılan, yeni islahatları qənaətbəxş hesab edirəm. Bir şeyə təəssüf edirəm ki, bəzən bu islahatlar özünəməxsus şəkildə dəyişikliyə uğrayaraq sonadək davam etdirilmir. Hətta bəzən geriyədönüş hallarının olduğunu görürük. Ümumilikdə müsbət hallar üstünlük təşkil edir. Elm sahəsində, eyni ilə, son illərdə aparılan islahatlar təqdirə layiqdir. Mən xüsusi ilə zamanın tələblərinə cavab verməyən elmi bölmə və təşkilatların ləğv edilərək, müsair elmlə səsləşən qurumların yaradılmasını xüsusilə vurğulamaq istərdim. Müxtəlif elm sahələrinin qarşılıqlı fəaliyyəti və birgə tədqiqatları əsasında Azərbaycan elmi bir orqanizm kimi işlək hala gətirilən mexanizmə çevrilməkdədir. Mən elmi müəssisələr qarşısında qoyulan tələblər, onların beynəlxalq aləmdə təmsil olunmalarına görə reytinqlərinin müəyyən edilməsi və s. bu kimi tədbirləri yüksək qiymətləndirirəm. Xüsusilə gənc kadrların hazırlanması ən aktual iş kimi prioritet təşkil etməkdədir. Bu, xüsusilə yeni sahələr üzrə gənc kadrların hazırlığı, gənclərin xarici ölkələrdə uzunmüddətli elmi təcrübə keçmələri, beynəlxalq tədbirlərdə təmsil olunma imkanlarının genişləndirilməsi və s. kimi işlərdə öz əksini tapmaqdadır. Yalnız bir məsələni qeyd etmək istərdim ki, elmi adların və dərəcələrin verilməsində dünyanın əksər ölkələrində tətbiq edilən sistemin Azərbaycanda da tətbiq edilməsi, elmi tədqiqat işlərinə böyük stimul verə bilərdi. 
-Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz ?
- İlk növbədə, onların Azərbaycanda böyük ehtiyac olan, lakin kadr hazırlığı, hələ ki, aparılmayan, müasir cəmiyyətin tələblərinə uyğun, yeni yaranmaqda olan elm sahələrini seçmələrini tövsiyə edərdim. Digər tərəfdən elmi biliklərə dərindən yiyələnməklə vətənə dönmələrini və cəmiyyətimizin inkişafında yaxından iştirak etməyə dəvət edirəm. İnsanın vətəninin inkişafına verdiyi töhfə və əldə etdiyi nailiyyətlərin, digər qürbət ölkələrdə olduğundan daha qürurverici və dəyərli olduğunu bilmələrini istərdim.
-Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz? 
- Bildirmək istərdim ki, hal-hazırda doktorluq dissertasiyası üzərində işləyirəm. Mövzu olaraq Cənubi Qafqazın kurqan mədəniyyəti mövzusunu seçmişik. Bununla əlaqədar Azərbaycanın müxtəlif bölgələrində kurqan tipli abidələrdə qazıntı işlərini davam etdirəcəyik. Bu yaxınlarda Türkiyə Respublikasından, apardığımız tədqiqatların nəticələrinə dair, daha doğrusu, kurqan mədəniyyəti haqqında, arxeoloq mütəxəssislər üçün seminar keçmək üçün dəvət almışam. İlin sonuna qədər, uyğun zamanda bunu gerçəkləşdirməyi düşünürük. Təbii ki, burada Azərbaycanın mədəni irsinin təbliği mənim üçün xüsusi önəm kəsb edir. 
Digər tərəfdən Azərbaycanın qədim dağ-mədən işi və metallurgiyası probleminin tədqiqi üzərində işləyirik. Bu məqsədlə Azərbaycan-Almaniya-Gürcüstan beynəlxalq layihəsi çərçivəsində tədqiqat işlərimiz davam etdirilir. Azərbaycan ərazisindən arxeoloji qazıntılardan aşkar edilmiş metal əşyaların, metal istehsalı vasitələrinin və xammal mənbələrindən alınmış nümunələrin Almaniyanın nüfuzlu laboratoriyalarında analizləri aparılmaqdadır. Apardığımız tədqiqatların nəticələrinə dair 2016-cı ilin iyununda Tbilisidə beynəlxalq konfrans keçirilməsi planlaşdırılıb. Biz, həmçinin, 50 ildən artıq bir müddətdə institutumuzun “Arxeoloji texnologiyalar” laboratoriyasında, Azərbaycan ərazisindən tapılmış və həmçinin dünyanın bir çox ölkələrindən göndərilmiş nümunələrin analiz edilmiş nəticələrinin elektronlaşdırılması və beynəlxalq elmi içtimaiyyətə təqdim edilməsi üçün nəşr edilməsini nəzərdə tuturuq. 
İlkin AĞAYEV

http://palitranews.az/news.php?id=43177
 
 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.