"Mart soyqırımı" gənc ədəbiyyatçıların gözü ilə...
Apr 05 , 2016 | 10:18 / Müsahibələr, çıxışlar
Oxunma ( 3107 )

Mehman Həsənov

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

 

XIX əsrin ortalarından etibarən Mirzə Fətəli Axundzadə əsasını qoyduğu maarifçi istiqamət Azərbaycanın sonrakı müqəddəratında həlledici rol oynadı. Müasirliyin, inkişafın ən təkmil modelini M.F.Axundzadənin yazdığı əsərlərdə, irəli sürdüyü proqramlarda görmək mümkündür. O, 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. “Aldanmış kəvakib” povesti dünya nəsrinin ən kamil nümunələrindən biridir. “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı dünyada cərəyan edən fəlsəfi ideyaların Şərqə ayaq açması idi. Onun əlifba islahatı proqramı Şərqin aparıcı dövlətlərində yarım əsrdən sonra tətbiq edildi. XIX əsrin 70-ci illərində artıq Azərbaycanda teatr yarandı, “Əkinçi” ilə milli mətbuatın əsası qoyuldu. XX əsrin əvvələrində “Molla Nəsrəddin” və “Füyuzat” məktəbləri Azərbaycan maarifçi mühitinin inkişafının zirvə nöqtəsini çatmasından xəbər verirdi. Beləliklə, ötən əsrin əvvəllərində əvvəlcə mədəni muxtariyyat, 10-cu illərin əvvələrində ərazi muxtariyyatı və nəhayət müstəqil və suveren dövlət quruculuğu ideyası ortaya çıxdı və dövrün aparıcı ziyalıları durmadan türk və müsəlman dünyasında ilk Respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün inanılmaz cəsarət nümayiş etdirdilər.

Əvvəlcə Çar imperiyası, daha sonra isə hakimiyyəti ələ keçirən bolşeviklər ənənəvi erməni silahından istifadə etmək yolu ilə xalqın inamını qırmağa, onları məqsədlərindən döndərməyə cəhd etdilər. 1918-ci il mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən tördilmiş qətliamlar milli-maarifçi düşüncəni, xalqın istiqlal ideyasını qorxu yolu ilə sıradan çıxarmaq məqsədilə imperiya rəhbərliyinin göstərişi ilə bilərəkdən törədilmişdi. Müstəqil dövlət quruculuğunun astanasında olan xalqımızın məruz qaldığı soyqırım nəticəsində rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı inanılmaz cinayətlər törətdilər. Amma mart-aprel aylarında törədilən qətliamlar xalqın inamını nəinki qırdı, əksinə, müstəqillik uğrunda aparılan mübarizəni daha da alovlandırdı.

Bu cinayətlərin ən böyük əyani sübutu, heç şübhəsiz ki, Qubada qorunub saxlanılır. Quba Soyqırımı Memorial Kompleksi mart qırğınlarının dəhşətini gözlər önünə sərir və erməni qəddarlığının, vəhşiliyinin miqyasını nümayiş etdirir. Bu gün dünyanın dörd yanından ölkəmizə gələn xarici qonaqlar, müxtəlif dövlətlərin nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri kompleksi ziyarət etməyə gəlir və bu yolla Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Eyni zamanda Quba məzarlığı buranı hər il ziyarət edən minlərlə Azərbaycan gənci üçün tarixi ibrət dərsidir. Bu gün Azərbaycan xalqı öz məqsədinə çatıb və müstəqil dövlətini qurmuşdur. Amma hər bir Azərbaycan gənci tarix boyu başına gətirilən və hal-hazırda da düşmənin tətikdə gözlədiyini nəzərə alaraq diqqətli olmalıdır. Bir daha başımıza oxşar bəlaların gəlməməsi üçün diqqətli olmalı, tariximizi dərindən öyrənməli, dövlət müstəqilliyimizin əbədiliyi üçün canından belə keçməyə hazır olmalıdır.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.