Noy 21 , 2016 | 01:46 / Mühüm hadisələr
AMEA Botanika İnstitutunun kiçik elmi işçisi Həsənova Xanım Kyu Kral Botanika Bağı Minilliyin Toxum Bankının (MTB, Böyük Britaniya) Londonda təşkil etdiyi “Toxum mühafizəsinin metodları” mövzusunda keçirilən növbəti treyninq kursda iştirak edib. Kurs təbiətin mühafizəsi və bitki biomüxtəlifliyinin qorunması məqsədilə bitki növlərinin ex situ mühafizəsinin müasir metodları kimi toxum bankının təşkil edilməsi, onların qısa və uzunmüddətli saxlanılması, eyni zamanda toxum kolleksiyalarının təmizlənməsi, qurudulması üsullarının nəzəri və praktiki əsaslarının tədrisinə həsr edilmişdir. Həmçinin, kurs zamanı toxum kolleksiyasının keyfiyyət tərkibini qiymətləndirmək üçün cücərmə testi və rentgen metodları üzrə praktik təlimlər keçirilib. Toxum mühafizəsinin müxtəlif mərhələlərində hansi tip informasiyanın toplanılması, toplanmış informasiyanın BRAHMS məlumat bazasında yerləşdirilməsi və toxum kolleksiyalarının qanuni və təhlükəsiz şəkildə daşınması qaydaları öyrədilib.
Qeyd edək ki, 2013-cü ildən AMEA Botanika İnstitutu ilə MTB arasında imzalanmış memoranduma əsasən “Qafqaz florasının mühafizəsi” proqramı çərçivəsində “Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanılması” layihəsi həyata keçirilməkdədir. Azərbaycanın flora müxtəlifliyinin qorunması məqsədilə həyata keçirilən bu layihə çərçivəsində toplanmış nadir və endem bitkilərə aid toxumların bir hissəsi mühafizə üçün AMEA Botanika İnstitutunda saxlanılmaqla Minilliyin Toxum Bankına göndərilir.