Yan 24 , 2017 | 04:56 /
Təhsil Nazirliyi Azərbaycanda təmayülləşməyə keçidlə əlaqədar olaraq, 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya bildirib ki, 2011-ci ildən Azərbaycanda pilot layihə şəklində tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsi gündəmə gəlib. Həmin ildən bu proses Bakıda təşkil olunub və sonradan coğrafiyası genişlənib.
C.Valehov qeyd edib ki, bu il Azərbaycanın 180-dan artıq məktəbində tam orta təhsilin təmayüllər üzrə təşkilinə start verilib: “Bu, o deməkdir ki, şagirdlərin meyl və maraqları nəzərə alınaraq, onlar həmin təmayüllər üzrə tam orta təhsillərini X-XI siniflərdə davam etdirə bilərlər. IX sinfə kimi isə ümumi orta təhsil mərhələsidir və bu təhsil icbaridir. Şagirdlər icbari təhsil pilləsini başa vurduqdan sonra həm orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə bilər, həm də seçdikləri təmayül istiqamətlər üzrə təhsillərini tam orta təhsildə davam etdirə bilərlər”.
Nazirlik rəsmisi əlavə edib ki, müxtəlif regionlarda təmayüllərin siniflər təşkili bütün məktəblərdə mümkün olmur. Onun sözlərinə görə, orada məktəblərin imknalarına uyğun olaraq təmayül siniflər tam komplektləşmir: “O zaman bəzi rayonlarda təmayüllərin təşkili imkanı olan müəyyən məktəblərdə bu siniflər təşkil edilir. Təmayül siniflərin təşkil edilməsi prosesi bu qaydada aparılır və konkret məktəblərdə təmayülləşmə prosesi baş verir. Burada heç bir məktəbdə 11 ilk təhsilin ləğvindən söhbət getmir. Sadəcə, şagirdlər IX sinifdən sonra X-XI sinifdə dərinləşdirilmiş tədris proqramları ilə təmayül mərhələsi üzrə təhsillərini davam etdirirlər. Burada XI sinfin və yaxud tam orta təhsil mərhələsinin ləğvindən söhbət gedə bilməz. Təhsil haqqında qanunda 11 illik təhsil nəzərdə tutulub və onun ləğvi mümkün olan hal deyil. Sadəcə bəzi rayonlarda təmayül siniflər müəyyən məktəblərdə yaradılacaq. Təmayül siniflərin təşkili ilə bağlı əsasnaməyə uyğun olaraq təmayül istiqamətlər üzrə siniflərin təşkili imkan olan məktəblərdə yaradılır".
C. Valehov vurğulayıb ki, gələn tədris ilində bu prosesin kütləvi şəkidlə və daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır.