AMEA Rəyasət Heyəti magistrlər arasında “Magistr-2017” müsabiqəsi keçirəcək
Yan 25 , 2017 | 09:16 / Elmi müsabiqələr
Oxunma ( 2997 )

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə ərsəyə gələn “Magistr-2017” müsabiqəsi keçirilməsinə qərar verib. Belə ki, Akademiyanın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən adıçəkilən müsabiqə bu ilin may-iyun aylarında keçiriləcək. Sərəncamda deyilir ki, AMEA-nın I və II kurs magistrləri arasında baş tutacaq müsabiqənin keçirilməsində əsas məqsəd Akademiyada magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.

Sərəncamda o da qeyd edilir ki, müsabiqədə AMEA-nın magistraturasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

 

I yer – 1500 manat;

 

II yer – 1000 manat;

 

III yer – 500 manat.

 

Sərəncamın icrası AMEA Elm və Təhsil İdarəsi, Maliyə-iqtisad və mühasibat uçotu şöbəsi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasına tapşırılmışdır.

Müsabiqənin konkret detalları ilə bağlı elan saytda yerləşdiriləndən sonra sənədlərin qəbuluna başlanılacaq.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasından "gencalimler.az" saytına verilən məlumata görə, belə bir təşəbbüs Şuranın Magistrlər və bakalavrlar üzrə sektoru üzvü olan fəal magistrlər tərəfindən Şuranın İdarə Heyəti qarşısında irəli sürülmüşdür. Şura isə bu məsələni layihə formasında hazırlayaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təqdim etmiş və nəticədə müsabiqənin keçirilməsi haqqında məlum sərəncam verilmişdir.

Məlumat üçün qeyd edək ki, bu müsabiqənin təşkil olunması AMEA Gənc Alim və Mütəxəssislər Şurasın 2017-ci il üzrə illik Fəaliyyət Planına da daxil edilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.