Fotos
Bilik Fondu Astara və Lənkəranda məscidlərə kitablar hədiyyə edib
Mart 24 , 2017 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2564 )

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə həyata keçirdiyi tədbirlər çərçivəsində Lənkəranın Cil kənd məscidinə 100, Astaranın Pensər kənd Cümə məscidinə 75, Pensər kənd Hacı Teymur Cümə məscidinə 75 kitab hədiyyə olunub.

Bu münasibətlə təşkil edilmiş mərasimlərdə dindarlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bildirib ki, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Prezident Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasına cavabdeh qurumlardan biri də Bilik Fondudur.

Tədbirlər Planına müvafiq olaraq məscid, kilsə və sinaqoqlara dini həmrəyliyi təbliğ edən, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edən kitablar təqdim olunur. İndiyədək Bilik Fondu tərəfindən məscidlərə 2 mindən çox kitab hədiyyə edlib.

Hər 3 məscidə verilən bütün kitabların Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr edildiyini vurğulayan H.Abdulla nəfis tərtibatlı, yüksək poliqrafik keyfiyyətdə buraxılan kitablar üçün “Məscid kitabxanası”nda rəflərin qurulduğunu diqqətə çatdırıb.

Yaxın günlərdə Astara Bilik Evində gənclər üçün peşəyönümlü, eləcə də onların rus və ingilis dili, informasiya texnologiyalarına daha yaxından yiyələnməsinə xidmət edən yeni kursların açılacağını qeyd edən H.Abdulla bildirib ki, Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, AMEA, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği, həmçinin dini radikallığın, onu törədən səbəblərin aradan qaldırılması sahəsində apardığı genişmiqyaslı işlər, həyata keçirilən tədbirlər də öz müsbət nəticəsini verir.

Pensər kəndi Cümə məscidi dini icmasının sədri və axundu Hüseynağa Nəsirov kənddəki iki məscidin tarixindən danışıb və kənd əhalisinin məzhəbindən asılı olmayaraq, hər zaman bir-biriləri ilə mehriban yaşadıqlarını, cümə günlərində birgə namaz qıldıqlarını, dini ayin və mərasimləri birgə qeyd etdiklərini vurğulayıb.

H.Nəsirov Bilik Fondunun maarifçiliyə, o cümlədən dini maarifçiliyə xidmət edən layihələrini yüksək qiymətləndirərək qeyd edib ki, artıq ilk gündə xeyli dindar oxumaq üçün bu kitablardan evlərinə götürüb, məsciddə də oxumağa başlayanlar var.

Şair, Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu da müəllifi olduğu kitabları məscidlərə hədiyyə edərək vurğulayıb ki, hər bir xalqın səviyyəsini onun elmi, biliyi, bəşəriyyətə bəxş etdiyi alimləri, ədibləri, dövlət xadimləri müəyyən edir. Dünya və klassik, müasir Azərbaycan ədiblərinin kitabları onlarla ailədə oxunacaq, insanlarımızı biliklərini, dünyagörüşünü artıracaq, əhalinin maariflənməsinə xidmət edəcək.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov təmsil etdiyi qurumun da bu xeyirxah tədbirə dəstək verdiyini qeyd edərək bildirib ki, məscidlərə dini maarifləndirməni, insanların bədii zövq və biliklərini artıran kitabların hədiyyə edilməsi, "Məscid kitabxanası" yaradılması olduqca dəyərli ideyadır. Bu missiyanı uğurla yerinə yetirən Bilik Fondunun cənub bölgəsində ardıcıl tədbirlər həyata keçirməsi təqdirəlayiqdir.

Cil kəndi "Hüseyniyyə" məscidi dini icmasının sədri və axundu Əliəşrəf Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Sərəncama görə Prezident İlham Əliyevə dindarlar adından minnətdarlığını bildirib.

Ə.Əliyev qeyd edib ki, bir neçə gün əvvəl keçirilmiş V Bakı Qlobal Forumu və “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda konfransda dünyanın tanınmış siyasət, din, dövlət xadimlərinin çıxışlarında səslənən fikirlərdən də görünür ki, bu təşəbbüsün mahiyyəti, əhəmiyyəti dünyada yüksəkdir, məscidlər tarix boyu elmin, biliyin, maariflənmənin ən mühüm dayaqlarından olub. Məscidlərdə yaradılan kitabxanalar da belə xeyirli mərama xidmət edir.

Pensər kəndi Hacı Teymur Cümə məscidi dini icmasının sədri Fariz Veysəlov bildirib ki, kəndin istər dindar, istərsə də qeyri-dindar əhalisi məzhəblər arasında heç bir fərq qoymayıblar, Azərbaycanda ilk vəhdət namazları da bu kənddə qılınıb və bu ənənə indi də davam edir. “İslam Həmrəyliyi İli”ndə milli birliyimizi daha da möhkəmlədən bu ənənə ölkəmizin hər yerinə yayılacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Komitənin cənub bölgəsi üzrə nümayəndəsi Qağayı Məmmədov “İslam Həmrəyliyi İli” çərçivəsində bölgələrdə silsilə tədbirlərin icrasına başladığını qeyd edərək, dini maarifləndirmə sahəsində Bilik Fondu və digər qurumlarla əlbir, koordinasiyalı işin təşkilinin müsbər nəticələr verdiyini bildiriblər.

Sonda Bilik Fondunun sektor müdiri Hacı Abdulla Azərbaycanda yaşayan bütün xalqları, etnik qrupları birləşdirən əsas dəyərlərdən olan Novruzun gəlişi münasibətilə iştirakçıları təbrik edib, hər bir ailəyə xeyir-bərəkət, xoşbəxtlik arzulayıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.