Fotos
AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik hesabat iclası keçrilib
Apr 28 , 2017 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 2909 )

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilib. Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib.

Ötən ilin mühüm elmi nailiyyətlər və uğurlarla yadda qaldığını qeyd edən akademik Akif Əlizadə qeyri-neft sektorunun inkişafı baxımından bir sıra mühüm dövlət tədbirlərinin həyata keçirildiyini, ölkədə dövlət siyasətinin əsas prioritetlərindən olan sosial layihələrin uğurla davam etdirildiyini bildirib.

Hesabat ilində dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar Akademiyada elmi nailiyyətlərin əks olunduğu bir sıra nəşrlərin işıq üzü gördüyünü xatırladan Akif Əlizadə akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə çap olunan “Müstəqillik yollarında-25” kitabını xüsusi vurğulayıb. Qeyd edib ki, nəşrdə bu illər ərzində cəmiyyət həyatının əsas sahələri üzrə keçilmiş məsuliyyətli və şərəfli yol, qazanılan mühüm nailiyyətlər öz əksini tapıb.

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlərdən danışan akademik AMEA-nın müxbir üzvü Nərgiz Paşayevanın rəhbərliyi ilə Oksford Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətindən danışıb. Qeyd edib ki, Mərkəz elmimizin və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində mühüm işlər həyata keçirir.

Akademik 2016-cı ildə keçirilən V Bakı Humanitar Forumunda dünyanın bir sıra görkəmli elm xadimləri, Nobel mükafatı laureatlarının iştirak etdiyini və  alimlərimizin onlarla perspektivli əməkdaşlıq imkanları əldə etdiklərini diqqətə çatdırıb.

Ölkə başçısının sərəncamı ilə ötən ilin respublikada “Multikulturalizm ili” elan edildiyini xatırladan Akif Əlizadə bununla bağlı həyata keçirilən tədbirlərdən danışıb: “Multikulturalizm ili ilə əlaqədar həyata keçirilən tədbirlərdə alimlərimiz, xüsusən humanitar elm sahələrində fəaliyyət göstərən əməkdaşlarımız olduqca fəal iştirak ediblər. Azərbaycanda multikultu­ralizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliği məqsədilə AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə Akademiyanın tədbirlər planı təsdiq edilib. Plana uyğun olaraq ötən il multikulturalizmlə bağlı elmi və təşkilati xarakterli bir sıra tədbirlər həyata keçirilib. AMEA-da multikulturalizmin tədqiqi ilə bağlı yeni qurumlar yaradılıb”.

Akif Əlizadə bildirib ki, Azərbaycan multikulturalizmi və onun tarixi-nəzəri aspektlərinin tədqiqi, multikulturalizmin alternativsizliyi və Azərbaycan modelinin bu sahədəki rolunun elmi əsaslandırılması və digər məsələlər ötən il Akademiyanın müvafiq institutlarında geniş tədqiq edilib, bu istiqamətdə mühüm elmi nəticələr əldə olunub.

AMEA rəhbəri 2016-cı ildə “Elm haqqında” Qanunun təsdiq olunması ilə elm sahəsində normativ-hüquqi bazanın təkmilləşdirildiyini bildirib. Qeyd edib ki, Qanuna əsasən Akademiyaya Azərbaycan Respub­likasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycanı xarici ölkələrdə təmsil edən dövlət ali elmi təşkilatı statusu verilib. Sənəddə, həmçinin magistrant və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi, elmi fəaliyyətin akkreditasiyası, koordinasiyası və digər mühüm məsələlər yer alıb.

Hesabat ilində “Elm haqqında” Qanunun, eləcə də müasir dövrün çağırışlarının tələblərinə müvafiq olaraq Rəyasət Heyəti tərəfindən "Azərbaycan elminin inkişaf doktrinası"nın la­yihəsi hazırlanıb, Respublika Elmi Tədqiqatların Əla­qələn­dirilməsi Şurasının iclasında geniş müzakirə olunub. Azərbaycanda döv­lətin elm sahəsində siyasəti və strategiyasının əsas prinsip­lərini müəyyənləşdirən bu layihə təsdiq üçün ölkə başçısına təqdim edilib.

Akif Əlizadə bildirib ki, hesabat ilində AMEA ümumilikdə 23 dövlət əhəmiyyətli proqra­mın icrasında yaxından iştirak edib.

Elmi-təşkilati sahədə əldə olunan nailiyyətlər haqqında məlumat verən akademik 2016-cı ildə AMEA-da intellektual potensialın inkişafı, onların daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini söyləyib: “AMEA-da elmi-təşkilati fəaliyyət yeni əsaslarla qurulub, elmi kadr hazırlığı və elmi-innovativ fəaliyyət gücləndirilib, hüquqi islahatlar həyata keçirilib. Həmçinin elm və təhsilin inteqrasiyası, elektron elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın yeni əsaslar üzərində qurulması, elmin populyarlaşdırılması və ictimaiyyətlə münasibətlərin qurulması, maddi-texniki bazanın gücləndirilməsi və digər istiqamətlərdə mühüm işlər görülüb”.

Hesabat ilində elm və təhsilin inteqrasiyası istiqamətində Akademiyanın fəaliyyətini uğurlu hesab edən Akif Əlizadə bildirib ki, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi məqsədilə mühüm tədbirlər həyata keçiril­ib. AMEA-nın magistraturasında 2016/2017-ci tədris ili üçün ixtisasların və qəbul yerlərinin sayının artırıldığını deyən akademik magistraturaya 18 ixtisas üzrə 56 nəfərin qəbul olunduğunu nəzərə çatdırıb. Akademik ötən il AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasının keçirildiyini, elmlə təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət planının təsdiq edildiyini vurğulayıb.

Beynəlxalq elmi əlaqələrə də toxunan Akif Əlizadə hesabat ilində beynəlxalq əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndiyini, texnologiyaların inkişafı ilə əlaqədar qlobal problemlərin tədqiqi və elmi nailiyyətlərin tətbiqi istiqamətində bir sıra nüfuzlu xarici təşkilatlarla müzakirələrin aparıldığını, səmərəli əlaqələrin qurulduğunu diqqətə çatdırıb.

Ötən il AMEA ilə “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını bildirən Akif Əlizadə Akademiyanın elmi müəssisələrinin, alim və mütəxəssislərin “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə etdiyini vurğulayıb.

Elektron elmin vəziyyətindən danışan akademik AMEA-da AzScienceNet Elm-Kompüter Şəbəkəsinin İnternet Xidmətləri Mərkəzinin yaradıldığını, şəbəkənin elmi müəssisələrin Avropanın elm və təhsil şəbəkələri mühitinə inteqrasiyasını, müvafiq beynəlxalq qurumlarla əlaqələrini, dünyanın nüfuzlu elmi bazalarının elektron resurslarından istifadəsini, həmçinin böyükhəcmli informasiyanın internet üzərindən mübadiləsini təmin edərək elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirdiyini bildirib.

AMEA rəhbəri 2016-cı ildə elmin populyarlaşdırılması sahəsində görülən bir sıra uğurlu işləri də nəzərə çatıdırb. Qeyd edib ki, biliklər iqtisadiyyatı şəraitində innovativ layihələrin müzakirəsi, tətbiqi perspektivləri, müxtəlif elm və texnologiya sahəsindəki yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə marağı artırmaq məqsədi ilə Azərbaycan Dövlət Televiziyasında “Elm və İnnovasiya” verilişi təsis edilib. Akif Əlizadə hesabat ilində keçirilən II Azərbaycan Elm Festivalının, Alimlər Evinin təsis edilməsinin bu istiqamətdə görülən mühüm işlərdən olduğunu deyib.

2016-cı ildə dövlət başçısının sərəncamı ilə AMEA-da Yüksək Texnologiyalar Parkının yaradıldığını qeyd edən akademik hazırda Parkın formalaşdırılması, maddi-texniki bazasının təşkili istiqamətində işlərin davam etdirildiyini bildirib.

Akademiya prezidenti vurğulayıb ki, elmlə isteh­salat arasında inteqrasiyanın dərinləşdirilməsi məqsədilə hesabat ilində Təcrübə-Sənaye Zavodunun bütün fəaliyyət istiqamətlərində əsaslı dönüş yaradılıb, elmi tədqiqat işlərinə təkan verilib. Zavodda görülən işlər təc­rübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənim­sənilməsi, eyni zamanda neft-kimya, kimya və texniki təyi­natlı məhsulların istehsalı və satışı sahəsində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb.

A.Əlizadə hesabat ilində Akademiyanın elmi-tədqiqat institutlarında əldə olunan mühüm nəticələr haqqında da məlumat verib.

AMEA rəhbəri nitqinin sonunda Azərbaycan elminin inkişafı istiqamətində qarşıda bir sıra vəzifələrin durduğunu bildirib. Qeyd edib ki, biliklər iqtisadiyyatına və yüksək texnologiyalara əsaslanan elmi potensial daha da gücləndirilməli, Azərbaycan alimlərinin elmi potensialının dövlətimizin inkişafında daha yaxından iştirakına nail olunmalıdır. Akademik Akif Əlizadə AMEA-nın bu vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.