May 03 , 2017 | 06:05 / Mühüm hadisələr
Mayın 3-də AMEA-nın Əsas binasının Dairəvi zalında Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika elmi konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Konfransı AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan söz açıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasında xüsusi yeri olan bir dövlətə çevrilib.
Ümummilli liderin Azərbaycan elmi, təhsili, mədəniyyəti və incəsənətinin inkişafında böyük xidmətlər göstərdiyini diqqətə çatdıran akademik A.Əlizadə bildirib ki, Akademiyanın inkişafının böyük bir mərhələsi görkəmli dövlət xadiminin adı ilə birbaşa bağlıdır. O, xalqımızın hər zaman Heydər Əliyev kimi bir şəxsiyyətlə fəxr etdiyini və onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığını vurğulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Heydər Əliyevin azərbaycançılıq təlimində ədəbiyyat və incəsənət məsələləri” mövzusunda məruzəsini təqdim edib. Ulu öndərin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri olduğunu söyləyən akademik İsa Həbibbəyli dahi şəxsiyyətin azərbaycançılıq təlimindən bəhs edib, ədəbiyyat və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açıb. Bildirib ki, dahi şəxsiyyət öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirib.
Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi və iqtisadi sahədə qazandığı böyük uğurlardan, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışıb.
Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov, AR Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli liderin tarixi xidmətlərindən bəhs edib, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər.
Konfrans bölmələr üzrə işini davam etdirib.
Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri, həmçinin ulu öndərin müəllifi olduğu və ona həsr olunmuş kitablardan ibarət sərgi də təşkil olunub.