May 17 , 2017 | 04:00 / İdman yarışları
Mayın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər idarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin IV futbol çempionatı”nın final oyunu və mükafatlandırma mərasimi keçirilib. Öncə meydançaya çempionatın III yer uğrunda mübarizə aparan İdarəetmə Sistemləri və İqtisadiyyat İnstitutu komandaları dəvət olundu. Bu yarışmada 6:4 hesabı nəticə qeydə alınmaqla, _İdarəetmə Sistemləri İnstitutunun komandası qələbə qazandı və Çempionatın 3-sü oldular.
Sonra isə çempionatın əsas qalibini müəyyənləşdirmək üçün Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutunun komandaları yaşıl meydana dəvət olundu. Gərgin mübarizə şəraitində keçirilən oyundan Fizika İnstitutunun komandası 2:1 hesablı qələbə ilə ayrılaraq çempion oldu.
Yarışdan sonra keçirilən mükafatlandırma mərasiminə qatılan AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev ənənəvi çempionatın Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmasını əlamətdar hadisə kimi qiymətləndirdi, qalibləri təbrik etdi. O, hazırda Bakının “İslam Həmrəyliyi Oyunları” adlı möhtəşəm beynəlxalq idman yarışına ev sahibliyi etdiyini, dünyanın 4 qitəsindən ölkəmizə minlərlə idmançının gəldiyini və bunun Azərbaycanın təbliğində önəmli addım olduğunu vurğuladı.
D.Tağıyev dördüncü dəfədir keçirilən çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə idman mədəniyyətinin gündən-günə daha sürətlə inkişaf etdiyini söyləyən AMEA rəhbəri bunun əsasında dövlətimizin bu sahəyə diqqət və qayğısının dayandığını vurğulayıb.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bu dəfəki çempionatda da Akademiyanın müxtəlif institut və təşkilatlarından olmaqla, ümumilikdə 16 komandanın iştirak etdiyini və hər bir mərhələ üzrə oyunların maraqla keçdiyini söylədi, göstərilən dəstəyə görə akademiya rəhbərliyinə minnətdarlığını bildirdi.
Daha sonra qaliblərə müvafiq yerlərə uyğun diplom və mükafatlar təqdim olundu.