İyn 22 , 2017 | 12:02 /
AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimovanın təşəbbüsü və gənc alimlərin dəstəyi ilə İnstitutun bir qrup əməkdaşı kimsəsiz uşaqlar evini ziyarət ediblər. Tədbir Binə qəsəbəsində yerləşən “Ümid yeri” Xeyriyyə Cəmiyyətinin şəraiti, qidalanması, sinif otaqları, uşaqların əl işlərindən ibarət hazırlanmış guşə və s. ilə tanışlıqla başlayıb. İnstitutun gənc alimləri və uşaqların sevimlisi olan klounun iştirakı ilə kiçik (3-7 yaş arası) sakinlər arasında oyunlar, rəqs və güc yarışları keçirilib, qaliblər mükafatlandırılıb. Daha sonra gənc alimlər Sığınacaq Mərkəzinin sakinlərini Ramazan bayramı münasibətilə təbrik etmiş, uşaqların maariflənməsi məqsədilə kitablar və bayram sovqatı ilə sevindirmişlər. Eyni zamanda tədbirdə körpələrimiz də gənc alimlərə özlərinin səhnəcikləri ilə sevindirmiş, həm Fiziologiya İnstitutunun əməkdaşlarını, həm də Azərbaycan xalqına öz təbriklərini çatdırıblar.