
İyl 04 , 2017 | 02:25 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov 2 iyul 2017-ci il tarixindən etibarən Tacikistan Respublikasında elmi ezamiyyədədir. O, “Maddi və mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması” mövzusunda gənc tarixçi alimlərin beynəlxalq elmi sessiyasında və həmçinin sərgidə iştirak edir.
Gənc tədqiqatçı həmin tədbirdə “Qədim Gəncə şəhərinin arxeoloji- etnoqrafik irsinin tədqiqi: nailiyyətlər və gələcək hədəflər” mövzusunda elmi məruzə və təqdimatla çıxış edib. AMEA-nın gənc tədqiqatçısının Tacikistanın qədim Xulbuk şəhəri ərazisində keçirilən beynəlxalq arxeoloji və etnoqrafik ekspedisiyada da iştirak etməsi nəzərdə tutulur.
8 iyul tarixinə qədər davam edəcək bu beynəlxalq tədbirlər çərçivəsində gənc arxeoloqların akademik yay məktəbinin də keçirilməsi nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, bu elmi tədbirlər 2017-ci ilin Müstəqil Dövlətlər Birliyində “Ailə ili” elan edilməsi ilə bağlı MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Tacikistan Respublikasının Elmlər Akademiyası tərəfindən keçirilir.
Gəncə şəhəri isə, öz növbəsində 2017-ci ildə “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” seçilmişdir. Bu səbəbdən də qeyd edilən tədbirlərdə şəhərimizi AMEA Gəncə Bölməsi ilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universitetinin 4 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, bu elmi tədbirlərdə ölkəmizlə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Moldova, Qırğızıstan, İran, Gürcüstan, Ukrayna, Türkmənistan, Özbəkistan, Çin kimi dövlətlərdən 100-ə qədər gənc tarixçi alimlər iştirak edirlər.