Avg 11 , 2017 | 09:54 /
"Peşə təhsili haqqında" qanun layihəsi artıq hazırdır. Qanun layihəsi Elm və təhsil komitəsinin sentyabrda keçiriləcək ilk iclasında gündəliyə çıxarılacaq. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Komitə sədri hazırda Azərbaycanda peşə ixtisas təhsili müəssisələrinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirildiyini bildirib: "Ölkəmizdə peşə təhsili sahəsi üzrə indiyədək qanun olmayıb. "Peşə təhsili haqqında" qanun layihəsinin hazırlanması üçün bır sıra ölkələrin qanunvericilik bazası ilə tanış olmuşuq. Bir çox ölkələrdə peşə təhsili dövlət, özəl bələdiyyə mülkiyyəti formasında inkişaf edir. Bəzi ölkələrin peşə təhsili ilə bağlı qanun layihələrini öyrəndik və Azərbaycan reallıqlarını əks etditən müddəaları bu qanun layihəsinə daxil etdik ". İsa Həbibbəyli qeyd edib ki, beynəlxalq ekspertlərlə birgə hazırlanan qanun layihəsində "Təhsil haqqında" qanunda əks olunan məsələlər, peşə təhsili müəssisələrinə qəbul qaydaları, yaş həddi, idarəetmə ilə əlaqədar məsələlər öz əksini tapacaq: "Həmçinin, peşə ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi məsələsi əksini tapacaq.Bundan əlavə, peşə məktəblərində yeni ixtisassların açılması da qeyd edilib. Düşünürəm ki, biz bu qanun layihəsini sentyabrda keçiriləcək komitə iclasına daxil edib deputatların müsbət rəyini alacağıq və plenar iclasın gündəliyinə daxil edəcəyik".