Avg 31 , 2017 | 01:57 / Mühüm hadisələr
24-28 iyul 2017-ci il tarixlərində Slovakiyanın Bratislava şəhərində Slovak Texnologiya Universitetində “Diferensial tənliklər” üzrə ənənəvi EquaDiff 2017 Beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçiləri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən İbayev iştirak edib.
Konfransa dünyanın 36-dan çox ölkəsindən 400-dən çox nüfuzlu alim qatılmışdır. Konfransın proqramına 15 plenar məruzə, 29 minisimpozium çərçivəsində dəvətli məruzələr və əlavə olaraq təqdim edilmiş məruzələr daxil edilmişdir. EquaDiff 1962-ci ildən başlayaraq diferensial tənliklərin riyazi analizi, ədədi aproksimasiyası və tətbiqləri üzrə iki ildən bir dəfə keçirilən konfranslar seriyasıdır. Bu konfrans növbə ilə Çex Respublikası, Slovakiya, Qərbi Avropada keçirilir. Son onilliklərdə EquaDiff konfransı diferensial tənliklərin fundamental konsepsiyadan tətbiqə qədər bütün riyazi və ədədi aspektləri üzrə ideyaların beynəlxalq mübadiləsi üçün platformaya çevrilmişdir.
Rəhimov A. prof. Marian Slodiçkanın (Gent Universiteti, Belçika) dəvətilə prof. M. Slodiçka və Dr. Karel Van Bokstal tərəfindən təşkil olunan “Xüsusi törəməli tənliklər üçün düz və tərs məsələlərdə hesablama üsulları” (Computational methods in direct and inverse PDE’s) minisimpoziumunda “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə yanaşma” (An approach to numerical solution to inverse source problems with nonlocal conditions) mövzusunda məruzə ilə çıxış etmişdir.
İbayev E. isə təqdim edilmiş məruzələr seksiyasında “Semimarkov dolaşma prosesinin bir növünün birgə paylanmasının Laplas-Stiltiyes çevirməsi” (The Laplace-Stilties transformation of compatible distribution of the kind semimarkov random walk process) mövzusunda məruzə ilə çıxış etmişdir.
Hər iki məruzə konfrans iştirakçılarının marağına səbəb olmuş, mövzu ərafında müxtəlif suallar verilmişdir.
Növbəti EquaDiff 2019 konfransının 8-12 iyul 2019-ci il tarixlərində Niderlandın Laiden şəhərində keçirilməsi qərara alınmışdır.