Fotos
Famin Salmanov: "AMEA gənc alim və mütəxəssisləri gənclərlə bağlı yeni Dövlət Proqramında fəal iştirak edəcəklər"
Sen 22 , 2017 | 11:50 / Mühüm hadisələr
Oxunma ( 2548 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda AMEA Gənc Alim və Mütəxəssislər Şurası İdarə Heyətinin növbəti toplantısı keçirilib. İlk öncə Geologiya və Geofizika İnstitutuna yeni qəbul olunan I kurs magistrləri Şura üzvlərinə təqdim olundu. GAMŞ-nın sədri, dosent Famin Salmanov AMEA-da akademik Akif Əlizadənin ideya və təşəbbüsü ilə ərsəyə gələn magistratura təhsilini böyük elmin astanası kimi xarakterizə etdi, geoloq magistrlərin timsalında elm yolunda yenicə addım atmağa başlayan bütün gənclərə elm və təhsil fəaliyyətində uğurlar arzuladı.

Çıxışına davam edən F.Salmanov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə Təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın yerinə yetirilməsində digər dövlət qurumları ilə yanaşı AMEA və AR Prezidenti yanında Elmin İnkişaf Fondu yaxından iştirak edəcək. Onun sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir: "Sevindirici haldır ki, gənc alimlər olaraq Gənclər və İdman Nazirliyi qarşısında qaldırdığımız əksər təkliflər öz əksini tapıb, sənədə daxil edilib. Məsələn, Tədbirlər Planında birbaşa gənc alim və mütəxəssislərlə bağlı "Gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi", "Gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlərin keçirilməsi", "Gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədi ilə layihələrin həyata keçirilməsi", "İstedadlı şagird və tələbələrin, gənc alimlərin ölkə üçün prioritet olan beynəlxalq olimpiada, konfrans, forum, simpozium, seminar və məşğələlərdə iştirakının dəstəklənməsi", "Gənclərin elm, texnika və innovasiyalar sahəsinə marağını artırmaq məqsədi ilə televiziya proqramlarının hazırlanması" və sair tədbirlərə birbaşa Elmin İnkişaf Fondu dəstək verəcək".

O, bu tədbirlərin reallaşmasında bütün gənc alim və mütəxəssisləri fəal olmağa səslədi.

Şura sədri gündəlikdə olan digər məsələlərdən söz salaraq qeyd etdi ki, bu ilin dekabr ayında Azərbaycan gənc alimlərinin I Qurultayının keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. O, Akademiya rəhbərliyinin hər bir İnstitut gənclərindən Qurultayla bağlı təkliflər toplanması, onların müzakirə edilməsi tapşırığının verildiyini vurğuladı. 

Sonra gənclər çıxış edərək onları maraqlandıran mövzularda öz rəy və təkliflərini bildirdilər.

İclasın sonunda Akademiyanın bəzi institutlarında Gənc Alim və Mütəxəsslər Şurasına yeni seçilən sədrlər İdarə Heyətinə təqdim olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.