Sen 23 , 2017 | 11:27 / Mühüm hadisələr
Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Öncə dünya şöhrətli alim Lütfi Zadənin xatirəsi ehtiramla yad edilib, zəngin elmi irsinin əhəmiyyətindən söz açılıb.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə bir qrup alimə AMEA-nın professoru diplomlarını təqdim edib.
Daha sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb.
Tədbirdə görkəmli elm xadimləri – kimya üzrə elmlər doktoru, professor Elmira Süleymanovanın və geologiya-mineralogiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü Arif İsmayılzadənin 80 illik, geologiya-mineralogiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Çingiz Əliyevin 70 illik yubileylərinin qeyd olunması ilə bağlı qərarlar qəbul edilib. Azərbaycan elminin inkişafındakı xidmətləri nəzərə alınaraq alimlərin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi və yubileylərinə həsr olunmuş tədbirlərin keçirilməsi qərara alınıb. Digər qərarla görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illiyik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 iyul 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlər planı təsdiq edilib.
İclasda fizika-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü Əşrəf Hüseynovun 100 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi də qərara alınıb.
Rəyasət Heyətinin növbəti qərarı ilə AMEA-nın Humanitar Elmlər BölməsiBürosunun yeni tərkibi təsdiq edilib. Bundan başqa, tanınmış şərqşünas-alim, akademik Vasim Məmmədəliyevin şərqşünaslıq elminin inkişafındakı müstəsna xidmətlərini nəzərə alaraq və anadan olmasının 75 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş elmi sessiyanın keçirilməsi qərara alınıb.