Fotos
AMEA Genetik Ehtiyatlar İnstitutunda “Web of Science elmi informatik platformasının iş prinsipləri” mövzusunda seminar keçirilib
Okt 11 , 2017 | 03:45 / Mühüm hadisələr
Oxunma ( 2692 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda (GEİ) “Web of Science elmi informatik platformasının iş prinsipləri” mövzusunda seminar keçirilmişdir. Tədbirdə İnstitutun Molekulyar Sitogenetika şöbəsinin elmi işçisi Səbinə Mehdiyeva məruzə ilə çıxış etmişdir.

Seminarın keçirilməsində məqsəd institut əməkdaşlarının öz sahələrində əldə olunan yeniliklər, nailiyyətlər, həmçinin dünyanın aparıcı tədqiqatçıları və onları maliyyələşdirən fondlar haqqında ən son məlumatları asanlıqla əldə etmələri və nəşr üçün öz sahələrinə dair daha effektiv şəkildə yüksək nüfuzlu jurnallar seçə bilməsidir. Sözügedən platforma elmin müxtəlif sahələri üzrə materialları əhatə edərək bu məlumatlar üzrə axtarışın aparılmasına, analitik və biblioqrafik informasiyanın tədqiqatçı və yaxud elmi müəssisələr tərəfindən asanlıqla əldə edilməsinə imkan verir.

S.Mehdiyeva “Web of Science” bazasının interfeysi, kolleksiyaları, elmi sahəyə və nüfuz faktoruna uyğun jurnalların seçilməsi, istinadların analizi, axtarış sorğusunun tərtib edilməsi, dəqiqləşdirilməsi, axtarış nəticələrinin analizi və üzərində iş, müəllif və istinad olunma göstəriciləri, istifadəçi və tədqiqatçı profillərinin yaradılması və s. barədə məlumat vermişdir. Bundan əlavə, portala daxil edilən elmi jurnallara, o cümlədən institutda nəşr olunan GEİ-nin Elmi Əsərləri jurnalına qoyulan  tələblərdən (tərtibat, tərkib və məzmun standartları) bəhs etmişdir. O, qeyd etmişdir ki, institut əməkdaşlarının elmi əsərlərinin dünyanın aparıcı elmimetrik məlumat bazası sayılan "Web of Science" portalındakı jurnallarda nəşr edilməsi həm də azərbaycanlı tədqiqatçıların da işlərinin tanınmasına səbəb olacaqdır.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında suallar cavablandırılmışdır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.