Okt 20 , 2017 | 10:41 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Elman Yusifov institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirib.
Görüşdə ilk olaraq, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səbinə Bünyatova işə yeni qəbul olan gənclərə şuranın fəaliyyəti barədə məlumat verib.
AMEA-da intellektual gəncliyin hərtərəfli inkişafı üçün görülən işlərdən danışan
S.Bünyatova bildirib ki, AMEA, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə bu il dekabrın 15-də Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi qərara alınıb.
İnstitutun direktoru Elman Yusifov görüşdə iştirak edən gənclərin elmi işlərinin hazırkı vəziyyəti, elmi fəaliyyətlərinin təşkili sahəsində onların qarşılaşdıqları problemlər və gələcək hədəfləri ilə maraqlanıb.
İnstitut əməkdaşlarının dil biliklərinin artırılması üçün ödənişsiz ingilis kurslarının fəaliyyətə başladığını nəzərə çatdıran E.Yusifov qeyd edib ki, gənclər bu günün tələblərinə cavab verən mövzular üzrə elmi tədqiqat işləri aparmalı, öz tədqiqatlarının nəticələrini dünya elm aləminə təqdim etməyi bacarmalıdırlar.
İnstitut direktoru gəncləri xarici qrant lahiyələrində daha fəal iştirak etməyə də çağırıb. E.Yusifov institutun rəhbərliyinin gənclərə elmi fəaliyyətlərini genişləndirmək üçün hər zaman dəstək olacağını xüsusi vurğulayıb.