Okt 23 , 2017 | 05:36 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda bu müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) hesabat-seçki iclası keçirilib. İclasda AMEA GAMŞ-ın sədri fizika üzrə fəlsəfə doktoru Famin Salmanov da iştirak edib. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər direktor müavini, akademik Cavad Abdinov açıb. Şuraya artıq 4 ildir ki, Suma Hüseynovanın rəhbərlik etdiyini vurğulayan C.Abdinov İmstitut rəhbərliyinin onun fəaliyyətidən razı olduğunu qeyd edib. O bildirib ki, GAMŞ bu müddət ərzində bir sıra mühüm tədbirlərin iştirakçısı olub. Elm və təhsilin insteqrasiyası istiqamətində, gənc alimlərin illik nailiyyətlərinin müsabiqə yolu ilə qiymətləndirilməsində və s. məsələlərdə Şuranın xidmətlərini xüsusi qeyd edib.
İclas Suma Hüseynovanın 2013-2017-ci illərdəki Şuranın fəaliyyəti haqqında hesabatı ilə davam edib. S.Hüseynova GAMŞ-ın yaranma tarixi haqqında iclas iştirakçlarına məlumat verib. O bildirib ki, 4 il ərzində GAMŞ tərəfindən gənc alimlər üçün seminarlar, dil kursları, müsabiqələr, həmçinin orta ümumtəhsil məktəblərində olimpiadalar təşkil olunub. S.Hüseynova müdriyyətə və Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Sitarə Bağırovaya GAMŞ-ın fəaliyyətinə hər zaman dəstək verdikləri üçün minnətdarlığını bildirib. Çıxışının sonunda o, GAMŞ-a sədr aparıcı elmi işçi Qafil Dəmirovun namizədliyini irəli sürüb.
Daha sonra AMEA GAMŞ-ın sədri Famin Salmanov çıxış edib. O, Fizika İnstitutunun GAMŞ-nın yarandığı vaxtdan bugünə kimi AMEA-nın elmi-ictimai fəaliyyətində yaxından iştirak edən qabaqcıl şuralardan olduğunu vurğulayıb. Bildirib ki, sevindirici haldır ki, İnstitut rəhbərliyi və HİK həmişə gənclərə dəstək olur.
HİK-in sədri Sitarə Bağırova bildirib ki, Şuranın fəaliyyətindən kollektiv razıdır. S.Bağırova Fizika İnstitutunda gənclərin sayının AMEA-nın digər institutlarına nisbətən çox olduğunu vurğulayıb. Bildirib ki, artiq 3 ildir ki, Fizika İnstitutunda təhsilin magistrtura pilləsi mövcuddur. O, yeni qəbul olmuş magistrların da GAMŞ-ın fəaliyyətində yaxından iştirak edəcəklərinə ümidvar olduğunu qeyd edib. Yenidən təşkil olunan Şuraya uğurlar arzu edən Sitarə Bağırova həmişə olduğu ki, müdriyyət və HİK-in GAMŞ-a hər cür köməklik göstərməyə hazır olduğunu vurğulayıb.
Tədbirdə Şuranın 12 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib və səsvermə çoxluğu ilə aparıcı elmi işçi fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov sədr, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova sədr müavini, elmi işçi Səidə Məmmədova isə katib seçilib.
Sonda yeni seçilmiş sədr Qafil Dəmirov çıxış edib. O, bu məsuliyyətli işdə ona göstərilən etimada görə minnətdarlığını bildirib. Q.Dəmirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, buyaxinlarda təsdiq oluna “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” haqqında sərəncam gənclərə göstərilən münasibətin bilavasitə təzahürdür. Gənclərə bu cür münasibət AMEA-da da özünü göstərməkdədir. Biz gənclər də çalışacağıq ki, bu etimadı doğruldaq.