Okt 18 , 2017 | 02:10 / Mühüm hadisələr
18 oktyabr 2017-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. Tədbirin gündəliyi haqqında məlumat verən Şura sədri r.ü.f.d., dosent Rəşad Məstəliyev bildirib ki, 15 dekabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçiriləcək. O, hər bir institut üzrə gənclərdən təkliflər toplanılacağı, ümumiləşdirilərək, onlardan ən zəruri olanların Qurultayın qərar layihəsinə salınacağını vurğulayıb.
R.Məstəliyev onu da qeyd etdi ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalının növbəti sayına məqalə qəbulunun noyabr ayının 1-ə qədər davam edəcəyini və bununla əlaqədar İnstitutda çalışan gənc alim və mütəxəssislər, o cümlədən doktorant, magistr, bakalavrlar və sair gənc tədqiqatçılar adıçəkilən jurnala öz məqalələrini təqdim edə bilərlər.
Şura sədri bu yaxınlarda AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən orta məktəblərdə yaradılacaq Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elm Guşəsində İdarəetmə Sistemləri İnstitutu stendinə kitablar lazım olduğunu qeyd etdi, eləcə də məktəblilərin elmə marağının artırılmasına yönələn tədbirlərdə İnstitut gənclərini fəal olmağa çağırdı.
Sonra İnstitutun əməkdaşı r.ü.f.d., dosent Yeganə Əşrəfova «Web of Siences platforması və bazasında axtarış» haqqında geniş məruzə ilə çıxış edib və məruzəyə aid yaranan sualları ətraflı cavablandırıb.
Sonra kadr məslələrinə baxılıb. İnstituta 2017-ci ildə qəbul olmuş magistrantlar və yeni işçilər Gənc Alim və Mütəxəssislər şurasına üzv qəbul olunublar. İnstitutun işçisi və 2-ci kurs magistrantı Lamiyə Nəcəfova isə Şura sədrinin ikinci müavini seçilib.
İSİ Gənc Alim və Mütəxəssislər şurasının sədr müavini, www.isi.az saytının baş redaktoru, elmi işçi Aygün Əliyeva çıxış edərək, gündəlikdəki məsələlərlə bağlı öz rəy və təkliflərini verib.