Okt 26 , 2017 | 06:00 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə Bakıda yerləşən orta məktəblərdə yaradılan istedadlı şagirdlərin "Kiçik Akademiya"ları konkret fəaliyyət göstərirlər. Artıq onların bir çoxu mühüm nəticələrə imza atmaqdadırlar. Belə kiçik elm ocaqlarından biri də Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 saylı orta məktəbdə yaradılıb. Təsis olunmasından ötən qısa müddət ərzində həmin "Kiçik Akademiya" tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdləri özündə birləşdirməklə onların təqdimatında maraqlı və aktual mövzularda elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına səbəb olub.
26 oktyabr 2017-ci il tarixdə adıçəkilən məktəbdə "Kiçik Akademiya"nın elmi fəaliyyətinin nəticələrinə həsr olunan tədbir keçirilib.
Açılış nitqi edən məktəbin direktoru Məhluqə Əzizova öncə tədbirdə iştirak edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin sədri, dosent Famin Salmanov, İdarə Heyətinin üzvləri - dosent Faiq Məmmədov və f.ü.f.d. Qafil Dəmirovu salamlayıb. Direktor söyləyib ki, onun rəhbərlik etdiyi məktəbdə də fəaliyyət göstərən "Kiçik Akademiya"nın yaradılmasında əsas məqsəd istedadlı, yaradıcı təfəkkürə malik olan, araşdırma aparmaq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onları bir məqsəd ətrafında birləşdirməkdir. Onun sözlərinə görə, burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı şagirdlər iştirak edirlər: "Şagirdlərimiz ayrı-ayrı fənn müəllimlərinin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, maraqlı məruzə, referat və təqdimatlar hazırlayırlar. Eyni zamanda şagirdlərin elmi dünyagörüşünü formalaşdırmaq istiqamətində işlər aparılır".
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxışında qeyd edib ki, Akademiya prezidenti, hörmətli akademik Akif Əlizadə orta məktəblərdə reallaşan “Kiçik Akademiya” layihəsinə böyük önəm verir: "Çünki məqsəd bu günün istedadlı şagirdini sabahın yaradıcı aliminə çevirməkdir. Ona görə paytaxt və regionda yerləşən məktəblərdə reallaşdırdığımız "Bu günün şagirdi, sabahın alimi", "Əyləndirici, öyrədici elm" layihələri neçə-neçə istedadlı şagirdləri üzə çıxarmış, onların "Sabahın alimləri" beynəlxalq müsabiqələrində elmi nailiyyətlər əldə etmələrinə səbəb olmuşdur".
F.Salmanov təmsil olunduğu qurumun elmin təbliği və elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan başqa ənənəvi və qeyri-ənənəvi layihələr haqqında geniş məlumat verib və Şuranın əməkdaşlıq etdiyi 232 saylı məktəbin "Kiçik Akademiya"sının demək olar ki, böyük elmin astanası rolunu oynamaq üzrə olduğunu vurğulayıb, bundan sonra da əməkdaşlıq üçün birgə həyata keçirilməsi mümkün olan imkanlardan tam istifadə ediləcəyini diqqətə çatdırıb.
Sonra "Kiçik Akademiya"nın üzvləri - 10-cu sinif şagirdi Taleh Həsənov "Arxiv proqraminin kilidinin qırılması" ( İKT), 9-cu sinif şagirdləri Ofeliya Abbasova və Şəlalə Səfərzadə "Tarixi abidələr" (Tarix),
Aidə Əliyeva "GMO nədir?" (Biologiya), 8-ci sinif şagirdi Türkanə Əliyeva "Günəş enerjisindən istifadə" (Fizika), 10-cu sinif şagirdi Ülvü Nəbiyev "Kiçik vintilyatorlar" (Fizika) elmi məruzə ediblər.
Tədbirdə iştirak edən qonaqlar və ekspertlər hər bir təqdimatla bağlı rəy və mülahizələrini bilidib, ümumilikdə istər şagirdlərin təqdimatlarını, istərsə də "Kiçik Akademiya"nın illik fəaliyyətini qənaətbəxş sayıblar.