Noy 03 , 2017 | 03:34 / Mühüm hadisələr
"AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin şəxsi təşəbbüsü ilə ilk dəfə 2005-ci ildə paytaxt Bakıda gənc geoloq və geofiziklər üçün beynəlxalq elmi konfrans təşkil edilib". Bu fikirləri gencalimler.az saytına İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun verib. Onun sözlərinə görə həmin tarixdən başlayaraq, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən hər iki ildən bir keçirilən belə konfranslar geologiya və geofizikanın müxtəlif problemlərinə həsr olunur. Elmi tədbir gənc alim, doktorant, magistr və tələbələrin apardıqları elmi tədqiqat işlərinin nəticələrinin qlobal miqyaslı müzakirəsi, həmçinin fundamental və tətbiqi məsələlərin həlli üçün dünyada istifadə edilən yanaşma və metodların mənimsənilməsi baxımından vacib platforma təşkil edir.
Konfransın Elmi Təşkilat Komitəsinin həmsədri onu da qeyd edib ki, illər keçdikcə konfransda iştirak edən gənclərin auditoriyası, onların təmsil etdikləri ölkələrin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənmiş, elmi tədbirə olan maraq artmışdır. Belə ki, sonuncu, 6-cı beynəlxalq konfransda müxtəlif qitələrin 20-yə yaxın ölkəsindən 250-yə yaxın gənc alim və mütəxəssis iştirak etmişdir.
14-17 oktyabr 2018-ci il tarixlərində Bakıda təşkil olunacaq növbəti, sayca 7-ci Beynəlxalq Elmi Konfrans Geologiya və Geofizika İnstitutunun 80 illiyinə həsr olunur. “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” adlı elmi tədbirin İnstitutun yubileyinə həsr edilməsi bütün konfranslara ciddi hazırlaşan Elmi Təşkilat Komitəsinin üzərinə əlavə böyük məsuliyyət qoyur. Bununla əlaqədar, Elmi Təşkilat Komitəsi növbəti konfransın yüksək səviyyədə təşkil edilməsi üçün bütün imkan və qüvvəsini səfərbər edir.
Həmsədr tədbirə qatılacaq gəncləri odlar yurdu Azərbaycanda maraqlı və əhəmiyyətli elmi müzakirələr, tarixi-mədəni, həmçinin geoloji obyektlərə ekskursiyalar və əyləncəli proqramlar gözlədiyini bildirib.
Konfransla bağlı tam informasıya İnstitutun veb saytında (www.gia.az) yerləşdirilmişdir.