AMEA-nın prezidenti Dünya Elm Forumunda
Noy 09 , 2017 | 09:16 / Mühüm hadisələr
Oxunma ( 2343 )

Noyabrın 7-də İordaniyada “Elm sülh uğrunda” şüarı ilə Dünya Elm Forumu fəaliyyətə başlayıb.

Forumda dünyanın 120-dən çox ölkəsindən üç minədək tanınmış alim, o cümlədən Nobel mükafatı laureatları, akademiklər və siyasətçilər iştirak edirlər. Tədbir İordaniya şahzadəsi, Kral Elmi Cəmiyyətinin sədri Sumaya bint əl-Həsənin təşkilatçılığı ilə Ölü dəniz sahilindəki Kral Hüseyn bin Talal Mərkəzində keçirilir. Dünya alimlərinin beynəlxalq toplantısında ölkəmiz AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Dörd gün davam edəcək tədbirdə dünyada cərəyan edən qlobal dəyişikliklərlə əlaqədar elmin vəzifələri, elm və texnikanın inkişafındakı yeni amillər, elmi nailiyyətlərin dünyada sülh və təhlükəsizliyə xidməti ilə bağlı mövzularda müzakirələr aparılır.

Forumun açılış mərasimində İordaniya Kralı II Abdullah, Macarıstan prezidenti Yanoş Ader, İordaniya Kral ailəsinin üzvləri, bu ölkənin parlament və hökumət rəhbərləri iştirak ediblər.

Tədbiri şahzadə Sumaya bint əl-Həsən açıb.

Mərasimdə Yanoş Ader, İrlandiya Elm Fondunun baş direktoru M.Ferquson, Cənubi Afrika Respublikasının elm və texnologiyalar naziri xanım Q.Pandor, Yaponiya Elm və Texnologiya Agentliyinin prezidenti M.Hamakuçi, Nüvə Silahlarının qadağan olunması Müqaviləsi Təşkilatının Avstriyadan olan icraçı katibi L.Zerbo, Kral II Abdullahın əmisi Əmir Həsən bin Talal çıxış ediblər.

Sonra YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Sonda Kral II Abdullah İordaniyanın bir sıra tanınmış elm xadimlərinə mükafatları təqdim edib.

Forumun açılış mərasimində şahzadə Sumaya bint əl-Həsənin dəvəti ilə Krallıqda akkreditə olunmuş bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, o cümlədən Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov və müşavir İ.Əliyev iştirak ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.