Noy 13 , 2017 | 02:33 / Mühüm hadisələr
13 noyabr 2017-ci il tarixdə AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasında ayrı-ayrı şöbə və laboratoriyalar üzrə ilin yekunlarına həsr olunan elmi və elmi - təşkilati hesabatların dinlənilməsi başlanıldı. Öncə İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev gündəlikdə iki laboratoriya üzrə hesabatların dinləniləcəyin, əvvəlki illərdən fərqli olaraq təkcə laboratoriya rəhbərlərinin yox, həmin laboratoriyada çalışan bütün elmi işçilərin də gördükləri elmi işlər haqqında məlumat alınacağını qeyd etdi.
Sonra Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasının baş elmi işçisi k.e.d. Elmira Nağıyeva, aparıcı elmi işçilər – k.ü.f.d. Afayət Məmmədova və k.ü.f.d., dosent Əli Qədirov hesabat məruzələri ilə çıxış etdilər. Onlar sürtkü yağlarına müxtəlif funksional təsirə malik aşqarların sintezi və tədqiqi, onların texnologiyalarının işlənib hazırlanması, təkmilləşdirilməsi və istehsalatda tətbiqi istiqamətində hesabat ilində görülən işlər haqqıhda geniş məlumat verdilər. Eyni zamanda, sintetik yağlara yüksək temperaturlarda davamlı oksidləşmə inhibitorlarının yaradılması, yeni tip çoxfunksiyalı aşqarların sintez texnologiyaları işlənib hazırlanması, tətbiq üçün tövsiyə olunması istiqamətində yerinə yetrilən işləri sadaladılar.
Motor yağlarına yuyucu-dispersləşdirici aşqarlar laboratoriyasının müdir əvəzi, k.ü.f.d. İkrəm Güləliyev isə rəhbərlik etdiyi laboratoriya əməkdaşlarının müxtəlif mənşəli alkilaromatik sulfoturşuların qələvi-torpaq metal duzlarının sintezi və onların mühərrik yağlarına yuyucu-dispersedici aşqar, yağlayıcı-soyuducu mayelərə əlavə və korroziya inhibitorları kimi tədqiqi ilə bağlı yerinə yetirdikləri elmi işlər haqqında məlumat verdi.
Məruzələr ətrafında geniş müzakirələr aparıldı.Akademik Vaqif Fərzəliyev hesabatlar barəsində və gələcəkdə görüləcək işlər haqqında tövsiyələrini və təkliflərini verdi.
Akademik bildirdi ki, gələcəkdə aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır.
Sonda hesabatların qəbul olunması haqqında qərar verildi.