Noy 21 , 2017 | 09:46 / Mühüm hadisələr
20 noyabr 2017-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında İnstitut Gənc Alim və Mütəxəssislər Şurası illik hesabat verib. Şura sədri bildirib ki, rəhbərlik etdiyi qurum fəaliyyət planına uyğun olaraq fəaliyyətini 2017-ci ildə davam etdirmişdir. Hazırda İnstitutda 40 yaşa qədər 34 nəfər gənc çalışır. Onlardan 32 nəfər elmi işçidir. 2 nəfər kimya üzrə fəlsəfə doktoru, o cümlədən 1 nəfər dosent, 1 nəfər əyani doktorant, 5 nəfər disertant və 1 nəfər magistrdir. Cari il ərzində İnstitut gənclərinin 22 məqalə, 28 tezisi çap olunmuşdur.
Onun sözlərinə görə, hesabat ilində Şuranın təşkilatçılığı ilə artıq dördüncü dəfə “Gənclər üçün Akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi məruzə" müsabiqəsi keçirilmişdir. Gənc alimlərin, doktorant və disertantların elmə həvəsləndirilməsi məqsədi daşıyan bu müsabiqə üzrə gənc elmi işçilərdən Könül Qəhrəmanova I yer, Mənsurə Hüseynova II yer, Günel Məhərrəmova III yer tutmuşdur, Günay İsmayılova isə həvəsləndirici yerə layiq görülmüşdür.
İnstitutun doktorantı Xədicə Məmmədyarova son bir ildə əldə etdiyi mühüm elmi nəticələrə görə “Akademik Əli Quliyev adına mükafat”a layiq görülmüşdür. Qaliblər diplom və pul mükafatları ilə təltif edilmişdir.
Ə.Sucayev Aşqarlar Kimyası İnstitutunun gənc tədqiqatçıların xarici ölkələrin aparıcı elmi mərkəzlərinə ezam olunması işləri də uğurla davam etdirildiyini vurğulayıb. Belə ki, 2017-ci il may ayının birinci ongünlüyündə Almaniyanın Justus Liebig Giessen Universitetində "Ətraf mühitə kənd təsərrüfatının təsirinin qiymətləndirilməsi metodları" mövzusunda yay məktəbi "DAAD Summer Scool-2016" təşkil olunmuşdur. Bu əhəmiyyətli kursa ölkəmizdən Aşqarlar Kimyası İnstitutunun 2 gənc mütəxəssisi – mühəndis Hüseynəli Əlili və böyük laborant Günay Əlişanbəyli qatılmışdırlar. Almaniya Mübadilə Proqramı çərçivəsində maliyyələşdirilən kursda iştirakçılara mövzuya uyğun tədqiqatlarla məşğul olan elm mərkəzlərinin aparıcı professorları mühazirə oxumuşlar. Eyni zamanda nəzəri biliklərin praktikada tətbiqi üçün kurs iştirakçıları ayrı-ayrı institutlarda təcrübə keçmişlər. Kursunun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
01-06 mart 2017-ci il tarixlərində AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev “Beynəlxalq laboratoriya” yaradılması məsələsini müzakirə etmək üçün Türkiyənin Orta Doğu Universitetində, həmçinin müştərək tədqiqatların davam etdirilməsi üçün Atatürk Universitetində olmuşdur.
11-12 may 2017-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində Magistrantların XVII Respublika elmi konfransı keçirilmişdir. İnstitutumuzun II kurs magistrantı Sevinc Həsənli həmin konfransın seksiya iclasında məruzə ilə çıxış etmişdir.
Ə.Sucayev Şuranın təşkilatçılığı ilə İnstitut gənclərinin dünya elminə inteqrasiyasını sürətləndirmək üçün 19 may 2017-ci il tarixində “İmidazolinlərin sintezində kompüter yanaşması” mövzusunda seminar təşkil olunduğunu qeyd edib. Bu mövzuda ABŞ-da təcrübə keçmiş, Azərbaycanda bu sahə üzrə yeganə mütəxəssis olan Bakı Mühəndislik Universitetinin Kafedra müdiri, dosent Yusif Abdullayev məruzə etmiş, gəncləri maraqlandıran suallar cavab verilmişdir.
07 iyun 2017-ci il tarixində İnstitutun 5 gənci Bakı Dövlət Universitetində təşkil olunan “Kimya fənni üzrə ixtisaslaşmış proqramda elmi tədqiqat işlərinə aid məlumatların toplanması, analizi” mövzusunda seminarda iştirak etmişdir.
Şura sədrinin sözlərinə görə, İnstitutda elmlə təhsilin inteqrasiyasını daha da gücləndirmək istiqamətində ciddi addımlar atılır, bir sıra mühüm layihələr həyata keçirilir. Bu məqsədlə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planına uyğun olaraq Bakı şəhər şəhid Ə.Ələkbərov adına 244 saylı orta məktəbin bir qrup şagirdinin bu elmi müəssisənin fəaliyyəti, maddi-texniki bazası və laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri ilə tanış olmaları üçün instituta ekskursiyası təşkil edilib. Məktəblilər üçün təşkil olunan marifləndirmə seminarında İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, əsas tədqiqat istiqamətləri, əldə olunan elmi nailiyyətlərlə bağlı məlumat vermişdir.
Məktəblilər İnstitutun "Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları" laboratoriyasın işi ilə tanış olublar. Laboratoriyada istifadə olunan zərif-üzvi sintez üsulları, cihaz və avadanlıqların iş mexanizmi, sintez olunan fizioloji fəal maddələr haqqında şagirdlərə geniş məlumat verib, bir neçə əyləncəli təcrübələr nümayiş etdirilib.
Bu hesabat dövründə də İnstitutun gəncləri AzTV-nin “Səhər” və İctimai Televiziyanın “Yeni Gün” proqramlarının qonağı olmuş, öz elmi fəaliyyəti və əldə etdikləri nailiyyətləri işıqlandırmışlar.
İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətini yüksək qiymətləndirərək, gənclərin problemlərinin həlli istiqamətində işlər görüləcəyini, eləcə də onların elmə cəlb edilməsi üçün həvəsləndirmə tədbirlərinin həyata keçiriləcəyini vurğulayıb.
Məruzə ətrafında sual-cavab və çıxışlar olub. Sonda hesabat yüksək səviyyədə qəbul edilib.