MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNİ ALAN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB
Dek 12 , 2017 | 10:07 /
Oxunma ( 3346 )

Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Mədəniyyət Evində XX əsr Azəybaycan Ədəbiyyatının görkəmli nümayəndələrindən biri - qəzəl ustadı, klassik şer ənənələrinin təbliğatçısı, şair və tədqiqatçı alim  Hacı Mailin xatirə gecəsi keçirilib. Qeyd edək ki, əsas məqsədi Bakı və Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən yazarları bir araya gətirmək və onlar arasında ünsiyyəti möhkəmləndirmək olan Bölmə, daha əvvəl unudulmaz şair, “Biqələm” təxəllüsü ilə tanınan Məhəmməd Soltanəhmədoğlu, qəzəlxan Məhəmməd Əli Şəfai və şair Məşədi Azərə həsr olunmuş tədbir təşkil edib.

Gecəni Azərbaycan Yazıçılar Birliyinin üzvü, Buzovna kəndinin axundu Hacı Soltan Əlizadə açaraq ötən əsrdə yaşayıb-yaradan elm və sənət adamlarının anılmasını, AYB-nin Xəzər bölməsinin təşəbbüsünü yüksək qiymətləndirib. Daha sonra qəzəl ustadı Hacı Mail ilə olan xatirələrini danışıb, ona həsr etdiyi qəzəlini diqqətə çatdırıb.

Ədəbi-bədii tədbirdə alimin sənət yoldaşları, dostları, yaxınları, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı-şairə Sona Xəyal, Azərbaycan Yazıçılar Birliyinin katibi, kinodramaturq İlqar Fəhmi, Milli Konservatoriyanın dossenti, şair Fəxrəddin Salim, Hacı Mail tədqiqatçısı, jurnalist Zahir Adiloğlu, məddah-şair Yaşar Cavid, Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsinin sədri Arif Buzovnalı, şairin oğlu, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tədqiqatçı-alim Mustafa Əliyev sənətkara həsr olunmuş şerlər, qəzəllər səsləndirmiş, xatirələrdən söz açmışlar. 

  Daha sonra Hacı Mailin  həyat və yaradıcılığı haqqında məlumat tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Bildirildi ki, görkəmli Füzulişünas alim, qəzəlxan, şair, filologiya elmləri namizədi Mail İsmayıl oğlu Əliyev 1935-ci il okyabr ayının 25-də Bakının Nardaran qəsəbəsində dindar bir ailədə dünyaya gəlib. 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib, 20 ildən artıq Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. Bu dövr ərzində işlədiyi institutda Hacı Mail Məhəmməd Füzuli “Divan”ının müxtəlif ölkələrdə qorunub saxlanılan ən qədim nüsxələri üzərində tədqiqatlar aparmış, Füzuli “Divan”ının kamil elmi tənqidi mətnini hazırlamışdır. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olub.  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutundakı elmi fəaliyyətinə, “Divan”ın elmi-tənqidinə, Füzulinin Bakıda, Londonda, Sankt-Peterburqda və Daşkənddə qorunub saxlanılan doqquz əlyazma nüsxəsini və iki qədim çap nüsxəsini dərindən araşdırmaqla Füzuli “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” əsərini yazaraq 1997-ci ildə Hacı Mail müdafiəsiz filologiya elmlər namizədi elmi dərəcəsinə layiq görülüb.

Şair, 1999-cu il avqustun 22-də vəfat edib.

 

Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifi olan alimin həyat və yaradıcılığında diqqətə çatdırılan məqamlardan biri də ölümünə saatlar qalmış gənc yaşlarında qələmə aldığı “Arif olanın sevgili cananı vətəndir” qəzəlinə cavab olaraq yazdığı misralarıdır:

Ey əhli vətən, siz mənim ünvanımı bildiz,

Bundan sonra bu sevgili ünvan sizin olsun.

 

 Keyfiyyətin axırda bilərsiz, bu cahanın

 Zövqü yox olan mülki Süleyman sizin olsun.

 

 Yarın qəmü-hicranına çox dözmüşəm, indi

 Mən getdim, həmən möhnəti-hicran sizin olsun.

 

   Tədbirdə həmçinin, şairin xatirə gecəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin üzvləri arasında keçirilən şer  müsabiqənin nəticələri də açıqlanıb. Müsabiqənin formatına əsasən Hacı Mail şerlərinə nəzirələr, təxmislər yazılmış, onlar arasında 3 şer mükafata layiq görülmüşdür. Qaliblər (Elsər Qədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəlixan Abdullayev, Hacı Mailin həmkəndlisi və tələbəsi Mehrəli Asim) AYB-nin  hədiyyələr və diplomları ilə təltif olunublar.

Şairin yaradıcılıq nümunələri əsasında təqdim edilən muğam ifaları ilə Respublikanın əməkdar artisti Teyyub Aslanov, istedadlı xanəndə Məmməd Nəcəfov və Hüseyn Məlikov ədəbi-bədii gecəyə ecazkar səsləri ilə xüsusi rəng qatıblar.

Sonda Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsinin sədri Arif Buzovnalı Hacı Mailin xatirə gecəsinin keçirilməsində, ümumiyyətlə bölmənin fəaliyyətində xidmətlərinə görə Şəfiyev Məmməd Əliağa oğluna və ədəbiyyata göstərdiyi diqqət və qayğıya görə Fərəcullayev Əliheydər Şamil oğluna təşəkkürnamələr tədqim etdi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.