Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası 20 Yanvar faciəsinin 28-ci ildönümünü qeyd etdi
Yan 18 , 2018 | 12:34 / Mühüm hadisələr
Oxunma ( 2183 )

AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbir çərçivəsində 20 Yanvar Fondunun direktoru Şövqi Bünyadovun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunmuş "20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu" adlı kitabı da təqdim edilib.

Giriş nitqi ilə mərsimdə çıxış edən, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov 20 yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqilliklə bağlı milli təfəkkürünün inkişafındakı rolundan bəhs edib. Natiq qeyd edib ki, hər nə qədər bu faciə müxtəlif hadisələrə şahidlik etmiş qədim tarximizdə arzuolunmaz bir gün kimi anılsa da, geosiyası cəhətdən Azərbaycan kimi mürəkkəb bir coğrafiyada yaşayan vətəndaşlarımızın möhkəm və sarsılmaz milli iradəyə sahibliyi, eləcə də düşmənlərə qarşı münasibətdə ayıq və amansız olmaları baxımından əhəmiyyətli hesab oluna bilər. Çağdaş tarixmizdə müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda yürüdülən siyasətin, həm də nümayiş etdirilən hərbi gücün mənbəyini unikal zəka və 20 yanvar, o cümlədən Xocalı kimi hadisələrlə bəslənmiş döyüşkən milli ruhun harmoniyası ilə əlaqələnirmək ən ədalətli qiymətlənirmə olacaqdır. Aprel döyüşlərində qazandığımız həm siyası, həm də hərbi zəfərlərimiz əyani sübut edir. Statusundan və vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaş, ələxsus gənclər Azərbaycan üçün fövqəladə əhəmiyyət daşıyan bu tarixin mənəvi əhəmiyyətini dərk etməli, onun ictimailəşməsində bütün enerji və güclərini səfərbər etməlidir. Necə ki, bu gün iştirak etdiyimiz tədbirdə biz belə bir təşəbbüsün bariz nümunəsini görürük. 20 Yanvar Fondunun direktoru Şövqü/i Bünyadovun sanballı tarixi qaynaqlara, faktlara və mütəxəssis təhlilinə əsaslanan “20 yanvar hadisəsi milli ruhumuzun inkişafındakı rolu”adlı əsəri faciənin tarixi xronikasına, onun səbəb və nəticələrinə həsr olunmuşdur.

Sonra Şövqi Bünyadov çıxış edərək müəllifi olduğu kitab barədə tədbir iştirakçılarına məlumat verib. O, nəşrin ən yeni dövr Azərbaycan tarixinin iki önəmli hadisəsinə - 20 Yanvar faciəsinə və 2016-cı il aprel döyüşlərinin təhlilinə həsr edildiyini bildirib. Qeyd edib ki, kitabda iki hadisə arasında müqayisələr aparılıb, lider-millət vəhdətinin əhəmiyyəti araşdırılıb. Ş.Bünyadov, həmçinin nəşrdə ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq hadisələrlə bağlı bəyanatlarının, çıxışlarının, əmr və fərmanlarının təqdim edildiyini söyləyib.

 

Tədbirdə, həmçinin Şərqşünaslıq İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının doktorantı Məzahir Əfəndiyev və digərləri çıxış edərək 20 Yanvar faciəsinin baş verdiyi ərəfədə ölkəmizdə gedən siyasi proseslər, habelə hadisələrə verilən hüquqi qiymət barədə danışıblar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.