Yan 19 , 2018 | 10:07 / Görüşlər
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 28-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İnstitut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. O, 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışdı. Bu faciənin bəşər tarixində qara səhifə olaraq qalacağını və xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildirdi. Ə.Quliyev əlavə edib ki, 20 Yanvar faciəsi XX əsrdə baş vermiş etnik təmizləmə hadisələri arasında ən dəhşətlilərinə aiddir. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.
İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, a.ü.e.f.d. Məmməd Məmmədov 20 yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr xalqımıza qarşı aparılan düşünülmüş mənfur siyasətin təzahürü olduğunu bildirib. Xalqımız bu məkrli siyasətin nəticəsində minlərlə qeyrətli oğullarını itirib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev qeyd edib ki, 20 yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin mənliyini və qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür.
Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən video rolik nümayiş olunub.