AMEA Rəyasət Heyətinin iclasında Yer Elmləri Bölməsinin və regional elmi mərkəzlərin hesabatları dinlənilib
Yan 24 , 2018 | 05:00 / Mühim hadisələr
Oxunma ( 768 )

Yanvarın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, hesabat ilində bölmə üzrə 14 problemi əhatə edən 41 mövzu üzrə tədqiqatlar aparılıb, bir mövzu tamamlanıb, həmçinin elmi müəssisələrin əməkdaşları tərəfindən bir sıra multidissiplinar elmi-tədqiqat proqramları icra olunub. Bölmə müəssisələrində altı, kənar elmi-tədqiqat, təhsil və sahə müəssisələrində isə üç mühüm nəticə əldə edilib. Eyni zamanda, beş təsərrüfat müqaviləsi üzrə iş tamamlanıb, bir müqavilə üzrə isə iş davam etdirilib.

Qeyd edilib ki, hesabat ilində 43-ü xaricdə olmaqla 100 tezis işıq üzü görüb. 125-i xaricdə olmaqla 299 məqalə, səkkizi monoqrafiya olmaqla 16 kitab çap olunub. İmpakt faktorlu jurnallarda 60 məqalə dərc edilib. Bir kitab “Springer” nəşriyyatında çap olunub. Bundan başqa, Azərbaycanın landşaft xəritəsi və ümumtəhsil məktəblərinin VI-XI sinifləri üçün coğrafiya fənni üzrə bir atlas çap edilib. Hesabat ilində bölmə əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan, Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondundan, “Azərkosmos” ASC-dən, Ukrayna Elmi-Texnologiya Mərkəzindən, UNESCO proqramı çərçivəsində bir sıra qrant alıblar.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, hesabatın təsdiqi və AMEA-nın illik hesabatına əlavə edilməsinə dair qərar qəbul olunub.

İclasda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin də 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Mərkəzin direktoru, professor Fərman Quliyev bildirib ki, 2017-ci ildə müəssisənin əməkdaşları bitki müxtəlifliyinin müasir vəziyyəti və dinamikasının qiymətləndirilməsi, ehtiyatların saxlanılması, səmərəli istifadəsi və cənub-şərqi Azərbaycanın arxeoloji və numizmatik materiallarının aşkarlanması istiqamətində iş aparıblar.

F.Quliyev elmi mərkəzdə ölkəmizdə çay plantasiyalarının məhsuldarlığının və keyfiyyətinin yaxşılaşdırılması, Lənkəran-Astara bölgəsinin özünəməxsus torpaq-iqlim şəraitində çayın yeni sort və kollarının yaradılması, onların təsərrüfatlara təqdim edilməsi kimi məsələlərin əsas elmi məqsəd kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, hesabat ilində klon seleksiyası üzrə tədqiqat işləri aparılıb, toplanmış nümunələr əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində çayların keyfiyyət göstəricilərinin yüksək olduğu müəyyənləşdirilib.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, mərkəzin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiqlənib.

Sonra Şəki Regional Elmi Mərkəzinin (ŞREM) 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı dinlənilib. Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü elmi müəssisənin fəaliyyətinin fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətləri üzərində qurulduğunu bildirib. “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələri”nin icrası ilə bağlı AMEA-nın tədbirlər planına uyğun olaraq mərkəz tərəfindən “Təbii rəngli ipək alınması texnologiyasının patentləşdirilməsi və sənayedə tətbiqinə hazırlanması” istiqamətindəki tədqiqatların davam etdirildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, hesabat ilində səkkiz şöbə üzrə səkkiz mövzu daxilində elmi-tədqiqat işləri yerinə yetirilib. Mərkəzin əməkdaşlarının 45 tezisi, 23 məqaləsi və dörd kitabı nəşr olunub.

Hesabat təsdiqlənib, alınmış mühüm nəticələr AMEA-nın illik hesabatına daxil edilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.