AMEA magistrləri arasında növbəti müsabiqə keçiriləcək
Yan 26 , 2018 | 04:36 / Mühüm hadisələr
Oxunma ( 2662 )

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, 2018-ci ilin may-iyun aylarında akademiyada “Magistr-2018” müsabiqəsi keçiriləcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.

Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən yüksək nəticə göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

I yer – 1500 manat;

II yer – 1000 manat;

III yer – 500 manat.

Qeyd edək ki, sənəd qəbulu müsabiqənin başlaması və şərtləri haqqında elan dərc edildikdən sonra həyata keçiriləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.