Mart 01 , 2018 | 07:09 / Mühüm hadisələr
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı iləgənclərin elmi potensialının yüksəldilməsi, gələcək üçün savadlı kadrları təminatlandırmaq məqsədi ilə "açıq qapı" təşkil olunub. Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri və Hədəf Tədris Mərkəzinin şagirdləri İnstitutun kitabxanası, Torpaq muzeyi və bəzi laboratoriyalar ilə tanış olublar.
Daha sonra tələbələrin iştirakı ilə elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. O, seminar iştirakçılarına Torpaqşünaslıq və Aqrokimya İnstitutunun tarixindən və Torpaqşünaslıq elminin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən professor Sara Məmmədova keçirilən elmi seminarların tələbələrin gələcək fəaliyyətində və elmi prespektivliyinin artmasında böyük rol oynadığını qeyd edib.
Torpaqların meliorasiyası laboratoriyasının rəhbəri a.e.ü.e.d. Mustafa Mustafayev “Torpaqların şorlaşma prosesi və onlarla mübarizə yolları” adlı məruzə ilə çıxış edib. a.e.ü.e.d.M. Mustafayev Respublikada torpaqlarda şorlaşma və şorakətləşmə proseslərinin yaranma səbəbləri, şorlaşma və şorakətləşmə dərəcələrinə görə arealları, onların yaxşılaşdırılması məqsədilə aqromeliorativ və aqrotexniki tədbirlər sistemlərinin tətbiqinin zəruriliyi haqqında ətraflı məlumat verib. Tədbirin sonunda Respublikada şorlaşmış və şorakətləşmiş torpaqlar, onların növləri, yaxşılaşdırılması yollarına aid hazırlanmış video-rolik göstərilib.