Fotos
Dünyanın ən nəhəng palçıq vulkanı bu il ikinci dəfə püskürdü
Apr 24 , 2018 | 01:16 /
Oxunma ( 1400 )

AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsindən verilən məlumatda bildirilir ki, 22 aprel 2018-ci il tarixində Bakı şəhərindən 76 km cənub-qərbdə yerləşən Torağay palçıq vulkanın növbəti püskürməsi qeydə alınmışdır. Şamaxı-Qobustan neftli-qazlı rayonunun cənubunda inkişaf tapmış bu vulkan marfometrik göstəricilərinə görə dünyanın ən nəhəng palçıq vulkanı sayılır. Mütləq hündürlüyü 400 m-dən bir qədər yüksək, oturacağının ölçüləri 3,8 x 2,9 km olan Torağay palçıq vulkanın sonuncu püskürməsi 1 mart 2018-ci ildə baş vermişdir. Həmin tarixə qədər 30 il əvvəl (1988-ci il ildə) püskürməsi qeydə alınan sözügedən vulkan aktiv vulkanlar təsnifatındadır, ümumilikdə qeydə alınan püskürmələrinin sayı 12-dir.

Vulkanın yeni püskürməsi iki fazada: ilkin faza saat 7:58, sonuncusu isə 9:45 radələrində baş vermişdir. Fazaların biri, vulkanın şərqində yerləşən və məhz 1 mart tarixində aktivləşən eruptiv kanalla əlaqədar olmuşdur. Digər püskürmə isə qərbdə qeydə alınmışdır.

Püskürmədən sonra “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları: aparıcı elmi işçi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, mühəndislər Ruslan Axundov və Orxan Bəşirov vulkan sahəsində çöl-tədqiqat işləri həyata keçirmiş, baş vermiş püskürməni qiymətləndirmişlər. Hesablamalara görə, Torağayın qərbində yerləşən eruptiv kanalın fəaliyyəti nəticəsində yer səthinə xaric olunmuş brekçiyanın sahəsi 6,1 ha, həcmi isə 42525 m3 olmuşdur. Püskürmə nəticəsində Torağayın cənub-qərb yamacı boyu əmələ gələn vulkan dilinin uzunluğu 1 km-dən artıq olmuşdur. Şərqdə yerləşən eruptiv kanalın püskürməsi nəticəsində ətraf sahələrə yayılan brekçiyanın sahəsi 4,37 ha, həcmi  34960 m3 təşkil etmişdir. Hər iki püskürmə vulkanın krater sahəsində uzun radial çatlar əmələ gəlməsinə səbəb olmuşdur. Vizual qiymətləndirmələrə görə püskürmə ilə əlaqədar əmələ gələn alov sütunlarının hündürlüyü 400 m-ə çatmışdır.

Son illər Azərbaycan ərazisində müşahidə olunan püskürmələrin sayında və miqyasında qeydə alınan göstəricilər regionda baş verən geodinamik gərginliklə əlaqələndirilir.    

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.