Gənc tədqiqatçıya kimya üzrə elmlər doktoru diplomu təqdim edilib
May 07 , 2018 | 05:15 /
Oxunma ( 2270 )

Ali Attestasiya Komissiyası tərəfindən AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, dosent Dünya Babanlıya kimya üzrə elmlər doktoru diplomu təqdim edilib.

Qeyd edək ki, D.Babanlı Azərbaycanda kimya üzrə elmlər doktoru elmi dərəcəsini alan ən gənc kimyaçı qadındır.

Dünya Məhəmməd qızı Babanlı 6 dekabr 1983-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 2003-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini, 2005-ci ildəisə “Fiziki kimya” ixtisası üzrə magistr pilləsini  fərqlənmə diplomu ilə bitirib.

2006-cı ildə AMEA Kimya Problemləri İnstitutunun Metalların və ərintilərin elektrokimyası laboratoriyasında kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan alim 2007-ci ildə "Tl-TlHal-X (Hal-Cl,Br; X-Se,Te) sistemlərində qarşılıqlı təsirin fiziki-kimyəvi qanunauyğunluqları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. O, 2009-2016-cı illərdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanoelektrokimya və elektrokataliz laboratoriyasında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 2016-cı ildən isə həmin institutda aparıcı elmi işçidir. 

Alim ağır metallar əsasında mürəkkəb yarımkeçirici sistemlərin kompleks tədqiqi, onlarda yeni yarımkeçirici, termoelektrik, maqnit, radiasiya detektoru və s. xassəli aralıq fazaların axtarışı və alınması istiqamətində elmi-tədqiqat işləri aparır.

D.Babanlı 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri” adlı qrant müsabiqəsinin qalibi olub. 2015-ci ildə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Akademik Murtuza Nağıyev adına mükafat"ına layiq görülüb.

O, 2015-ci ildə dosent elmi adını alıb.

2017-ci ilin sentyabr  ayında “Tallium xalkohalogenidlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki - kimyəvi əsasları”  mövzusunda dissertasiya işini müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini alib. Doktorluq dissertasiyasının mövzusu üzrə 66 elmi əsər, o cüm­lədən resenziya olunan elmi jurnallarda 37 məqalə (20-si xaricdə, onlardan 17-si "Science Citation İndex" siyahısına daxil olan beynəlxalq jurnallarda), elmi konfransların dər­gi­­lərində 3 məqalə və 26 məruzə tezisi çap olunub, 1 patent alınıb.

D.Babanlının təqdim etdiyi “Ağır metalların xalkogenidlərinin, xalko­ha­lo­genidlərinin və onlar əsasında yeni funksional materialların alınmasının fiziki-kimyəvi əsasları” adlı layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm Fondu”nun 2017-ci ildə elan etdiyi müsabiqənin texnika elmləri sahəsində “Həvəsləndirici mükafat” nominasiyası üzrə qalibi olub.

Gənc alim bütövlükdə 140-a yaxın elmi əsərin müəllifidir. "Google Scholar Citations" informasiya sisteminin məlumatına görə, onun 40-a yaxın elmi əsəri "Elsevier", "Springer" və "Tomson Reuters" beynəlxalq elektron sistemlərinə daxil edilib və onlara 131 istinad olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.