May 16 , 2018 | 01:00 /
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov və Genbank şöbəsinin Rüşeym plazması laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova Pakistan İslam Respublikasının İslamabad şəhərində elmi ezamiyyətdə olmuşlar.
Onlar İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsində (COMSTECH) təşkil olunan “Bitki Genetik Ehtiyatları və Genbank Əməliyyatlarının İdarəetmə Sistemi” üzrə beynəlxalq seminarda iştirak etmişlər.
15 ölkədən 40-dan artıq alim və mütəxəssisin iştirak etdiyi Beynəlxalq tədbirdə 4 gün ərzində Bitki genetik ehtiyatlarının mühafizəsi, saxlanılması və tədqiqi məsələləri geniş müzakirə olunmuş. Həmçinin bu müddət ərzində Pakistanın Genom və Biotexnologiya İnstitutu və Milli Genbankına səfər edilmişdir.
Seminarda M.Abbasov və S.Məmmədova “Azərbaycan Bitki Genetik Ehtiyatları, Onların Milli Genbankda Mühafizəsi və Genom Səviyyəsində Tədqiqi” mövzusunda təqdimatla çıxış etmişlər. Azərbaycanda genetik ehtiyatlar sahəsində görülmüş işlər və ən müasir metodlarla onların öyrənilməsi və seleksiyada istifadəsi yüksək qiymətləndirilmişdir.
COMSTECH rəhbərliyi tərəfindən Azərbaycanlı alimlər qəbul edilmiş, növbəti 10 il ərzində planlaşdırılan layihələrdə onların iştirakı, o cümlədən Milli Genbankın fəaliyyətinin təkmilləşdirilməsi və qazanılmış müsbət təcrübənin üzv ölkələr arasında yayılması məsələləri müzakirə edilmişdir.
M.Abbasov və S.Məmmədova seminarı müvəffəqiyyətlə tamamlamış və sertifikata layiq görülmüşlər.