May 31 , 2018 | 03:52 /
2016-cı ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu və Fransanın “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkəti Azərbaycanın palçıq vulkanlarının müxtəlif istiqamətli tədqiqilə bağlı hər il müqavilə əsasında elmi araşdırmalar aparırlar. Belə bir əməkdaşlığın nəticəsi olaraq, fransalı bir neçə tələbə, magistr və doktorant Azərbaycanın palçıq vulkanlarının tədqiqi əsasında dissertasiya işlərini müdafiə etmişlər. İndiyədək aparılan tədqiqatların nəticələri avropada baş tutan bir sıra nüfuzlu geoloji konfrans və digər tədbirlərdə müzakirə edilmiş, həmçinin məqalə şəklində çap olunmaq mərhələsindədir.
Cari ildə də bu əməkdaşlığın davam etdirilməsi haqqında fransalı alimlər tərəfindən təşəbbüs irəli sürülmüş, nəticə olaraq yerli İnstitut və “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə ilə bağlı, Totalın aparıcı mütəxəssisi, Yer elmləri üzrə fəlsəfə doktoru Patris İmbert, Tuluza Universitetinin professoru Fransis Odonne, Qrenobl Universitetinin professoru Frederik Donze, Pau Universitetinin doktorantı Gülce Dinc və Rennes Universitetinin magistri Maelis Pein və tələbəsi Viktoria Biçaud ölkəmizə ezam olunmuşlar. Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri, prof. Adil Əliyevin rəhbərliyi altında avqust ayının 17-dən başlayaraq şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, elm işçisi Elnur Baloğlanov fransalı həmkarları ilə birgə Şamaxı-Qobustan, Abşeron və Aşağı-Kür neftli-qazlı rayonlarında yerləşən Ayazaxtarma, Torağay, Ayrantökən, Qotudağ, Durovdağ, Bozdağ-Güzdək və s. palçıq vulkanlarının tədqiqinə başlamışlar.
Araşdırmalarda əsas hədəf geoloji, geodinamik və fiziki-kimyəvi amillərlə əlaqədar vulkanik qurğunun, o cümlədən onun morfoloji və tektonik formalaşma şəraitinin öyrənilməsi kimi aktual məsələnin həll edilməsilə bağlıdır. Bunun üçün, ilk dəfə Azərbaycanın quruda yerləşən palçıq vulkanlarında dron tədqiqatları yerinə yetirilmişdir. Çöl-tədqiqat işlərində, həmçinin qravimetrik, GPS tədqiqatları ilə yanaşı, vulkanik füidlərin və brekçiyanın qaz-hidrokimyəvi və fiziki xüsusiyyətləri üzrə ölçmələr, qazıma işləridə həyata keçirilmişdir. Tədqiqatların növbəti ildə də davam etdirilməsi planlaşdırılır.