AMEA Radiasiya Problemləri İnstitutunda “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri ilə görüş keçirilib
İyn 29 , 2018 | 06:55 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2363 )

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov sözügedən müsabiqənin qalibləri olan Z.Əliyeva adına liseyin 10-cu sinif şagirdləri Adnan Bünyatov və Əliağa Abdullayevi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra institutun direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva çıxış edərək A.Bünyatov və Ə.Abdullayevin uğurlarından söz açıb və onların digər məktəblilər üçün örnək olduğunu bildirib.

R.Mehdiyeva qeyd edib ki, A.Bünyatov və Ə.Abdullayev bu ilin fevral ayında Bakıda keçirilən “Sabahın alimləri” VII Respublika Müsabiqəsində fizika-astronomiya bölməsi üzrə “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusundakı elmi layihə ilə birinci yerə layiq görülüblər.

Bildirib ki, müəssisənin Radioekologiya laboratoriyasının aparıcı elmi işçiləri - professor Rövşən Xəlilov və b.ü.f.d. Aygün Nəsibovanın elmi rəhbərliyi ilə 1 il müddətində RPİ, Bakı Dövlət Universiteti və AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda aparılan tədqiqatlarda şagirdlər mühüm bilik və bacarıqlara yiyələniblər. Həmçinin tədqiqat proseslərində Elektron Paramaqnit Rezonansı, Skanedici Elektron Mikroskopu, Viskozimetriya üsulları (statik və dinamik), İnfraqırmızı Spektroskopiya kimi üsulları mənimsəyən A.Bünyatov və Ə.Abdullayev uğurlu çıxışları və dolğun təqdimatları sayəsində ABŞ-dan keçirilən Intel – Beynəlxalq Elm və Mühəndislik Sərgisində (Intel ISEF) Azərbaycan məktəblilərini təmsil etməyə layiq görülüblər.

Qeyd edək ki, 13-19 may tarixlərində baş tutan Intel ISEF tədbirində məktəblilərimizin “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusundakı elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun Ukrayna Milli Mərkəzi – Kiçik Elmi Akademiyası tərəfindən mükafatla təltif olunub.

Bundan əlavə, A.Bünyatov və Ə.Abdullayev bu ilin aprel ayında Belarusiyanın Minsk şəhərində keçirilən “MDB üçün 100 ideya” adlı gənc alimlərin müsabiqəsində uğurla iştirak edib və xüsusi sertifikatlarla təltif ediliblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.