Fotos
AMEA-nın gənc kimyaçıları üçün Şamaxıda ilk dəfə yay məktəbi təşkil olundu
İyl 04 , 2018 | 02:49 / Mühüm hadisələr
Oxunma ( 4056 )

AMEA Kimya Elmlər Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə kimya sahəsində tədqiqatlar aparan gənclər üçün “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir keçirilib.

İyulun 4-də AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında yay məktəbinin açılışı olub.

Əvvəlcə iştirakçılara rəsədxananın foyesində təşkil edilən sərgilər əsasında bu elm mərkəzi barədə ətraflı məlumat verilib.

Tədbirdə Kimya Elmlər Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev çıxış edərək “Gənc kimyaçıların yay məktəbi-2018”in akademiyanın tarixində gerçəkləşdirilən bu cür ilk təşəbbüs olduğunu bildirib. Qeyd edib ki, gənc alim və mütəxəssislərin bir–birini yaxından tanımaları, qeyri-rəsmi müstəvidə aktual mövzularda fikir mübadiləsi aparmaları baxımından bu cür məktəblər xüsusi əhəmiyyət kəsb edir. Alim kimyaçıların yay məktəbində bölməyə daxil olan 4 institutdan 12 fəlsəfə doktoru, 16 doktorant və 6 magistr olmaqla, ümumilikdə 34 gənc mütəxəssisin iştirak etdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov yay məktəbinin iştirakçılarına uğurlar arzulayıb, astrofizika elmi ilə kimya elminin qarşılıqlı əlaqələri barədə fikirlərini söyləyib, bu mövzuda müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov yay məktəbinin əhəmiyyətindən danışaraq qeyd edib ki, ilk dəfə keçirilən bu tədbirə maraq gözlənildiyindən çox olub. Kimya sahəsində tədqiqatları ilə fərqlənən xeyli gənc alim və mütəxəssis yay məktəbində iştirak etmək üçün hüquq qazanıb. O, yay məktəbinin məqsədi və formatı haqqında gəncləri, yerli icra orqanlarının nümayəndələrini və media təmsilçilərini məlumatlandırıb.

Sonrakı günlərdə iştirakçı gənclər teleskopla ulduzları müşahidə edəcək, ulduzlar sistemi haqqında sənədli filmlərə baxacaq, habelə Şamaxı rayonu ərazisindəki tarixi məkanlara ekskursiyalara gediblər.

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr verilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.