İyl 30 , 2018 | 06:00 /
“I,III və IV ixtisas qruplarında keçid balları yüksələ bilər”. Bu sözləri AzEdu.az-a açıqlaması zamanı DİM-in mətbuat katibi Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, müsabiqədən əvvəl keçid ballarının artıb azalacağını yalnız ehtimal etmək mümkündür:
“I ixtisas qrupu üzrə plan yerlərinin və müsabiqəyə buraxılan abituriyentlərin sayında artım var. Bu onu deməyə əsas verir ki, bu qrupda müəyyən ixtisaslar üzrə keçid balları arta bilər. Ancaq plan yerlərinin sayı müsabiqəyə buraxılanların sayından çox olduğundan seçimini düzgün edən və 200 baldan yuxarı nəticə göstərən hər abituriyent ali məktəbə daxil ola bilər.
II ixtisas qrupu üzrə vəziyyət bir qədər fərqlidir. Plan yerlərinin sayı müsabiqəyə buraxılanların sayından xeyli yüksəkdir. Bu da o deməkdir ki, bu qrup üzrə keçid ballarının aşağı düşmə ehtimalı böyükdür. Hətta plan yerləri boş qala da bilər.
III və IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılan abituriyentlərin sayı plan yerlərindən daha çox olduğundan bu qruplarda da keçid ballarının yüksəlmə ehtimalı var. IV ixtisas qrupu üzrə Tibb Universitetinin ixtisaslarına formalaşan keçid ballarının artması ehtimalı daha yüksəkdir”.
Qeyd edək ki, I,II,III,IV və V ixtisas qrupu üzrə abituriyentlərin ixtisas seçimi 30 iyuldan etibarən start götürüb və avqustun 13-dək davam edəcək.