“Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq elmi konfransı keçirilir
Sen 04 , 2018 | 09:14 / Mühüm hadisələr
Oxunma ( 1930 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə sentyabrın 4-də Bakıda “Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq elmi konfransı öz işinə başlayıb.

Konfransda Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən olan elm adamları iştirak edirlər.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov Prezident İlham Əliyevin ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlər verdiyini diqqətə çatdırıb. Akademik deyib ki, bu sərəncamların icrasının atributlarından biri CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunmasıdır. Konfransın əhəmiyyətini qeyd edən alim bildirib ki, beynəlxalq tədbirin keçirilməsinin əsas məqsədi müasir dövrdə coğrafi informasiya sistemlərindən (CİS) elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarını aşkara çıxarmaqdır. CİS texnologiyalarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin, bu sahədə elmi-tədqiqat işlərinin intensivləşdirilməsinin və yüksək ixtisaslı kadrların hazırlanmasının zəruriliyi vurğulanıb.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov müasir dövrdə CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edildiyini bildirib. AMEA-da coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqinin elmi-nəzəri əsaslarının araşdırıldığı, bu sahədə mövcud problemlərin həlli məsələləri ilə bağlı mühüm işlərin görüldüyü, bir sıra layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.

Tədbirdə Səlcuq Universitetinin professoru Fərrux Yıldız və başqaları çıxış edərək CİS texnologiyalarının bütün fəaliyyət sahələrində tətbiqinin dinamik inkişafı, mövcud problemlərin həlli üçün mühüm tədbirlərin görülməsi ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra konfransın işi “Coğrafi informasiya sistemləri”, “Məkan verilənlərin strukturu və onların CİS-də tətbiqi”, “Məkan analizlərinin CİS-də tətbiqi”, “Ətraf mühitin monitorinqi”, “CİS-də təbii fəlakətlərin və təbii resursların idarə olunması”, “CİS-də torpaq, su və iqlimin tədqiqi”, “Kadastr, torpaq planlaşdırılması və idarəetmə”, “GPS, məsafədən zondlama və CİS”, “CİS vasitəsilə Yerin müşahidəsi və geodezik ölçmələrin üsulları” seksiyaları üzrə davam edib.

Sentyabrın 7-dək davam edəcək beynəlxalq tədbirdə 150-dək məruzə dinlənilib müzakirə olunacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.