Fotos
Akademik Murtuza Nağıyevin 110 illik yubileyi qeyd olunub
Okt 30 , 2018 | 04:50 / Mühüm hadisələr
Oxunma ( 2184 )

Oktyabrın 30-da AMEA-nın Əsas binasında görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr edilmiş konfrans keçirilib.

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Prezident İlham Əliyevin “Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. Görkəmli alimin zəngin elmi yaradıcılığından danışan akademik A.Əlizadə onun kimya elminə dəyərli töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, kimya-texnologiyası nəzəriyyəsinin yeni bir elm sahəsi kimi yaranması və inkişafı Murtuza Nağıyevin adı ilə bağlıdır.

AMEA rəhbəri görkəmli alimin Azərbaycanda kimya elminin, neft kimyası və texnologiyasının inkişaf etdirilməsi, həmçinin yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması sahəsində mühüm xidmətlər göstərdiyini, böyük bir məktəb yaratdığını qeyd edib. O, AMEA Rəyasət Heyətinin qərarı ilə kimyaçı alimin 110 illik yubileyinə töhfə olaraq Murtuza Nağıyevin “Seçilmiş əsərləri”nin nəşr olunduğunu diqqətə çatdırıb.

Daha sonra Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev görkəmli alimin keçdiyi həyat yolu və elmi yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Azərbaycanda kimya elminin inkişafında Murtuza Nağıyevin müstəsna xidmətlərindən danışan məruzəçi onun elmə gətirdiyi yeniliklərdən bəhs edib, alimin tədqiqatlarının nəticələrinin dəyərli elmi mənbə olduğunu söyləyib. Bildirib ki, akademik M.Nağıyev kimyada resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır.

Diqqətə çatdırılıb ki, akademik M.Nağıyev elmi-tədqiqat fəliyyətini elmi təşkilat işi ilə uzlaşdıran görkəmli alimlərdəndir. O, uzun müddət akademiya institutlarına rəhbərlik etməklə yanaşı, 1952-57-ci illərdə AMEA-nın Fizika-Texnika bölməsinin akademik-katibi, 1957-59-cu illərdə AMEA-nın vitse-prezidenti, 1961-66-cı illərdə isə AMEA-nın baş elmi katibi olub. Alim, həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. O, uzun müddət Azərbaycan Sənaye İnstitutunun Kimya texnologiyası fakültəsində "Krekinq proseslərinin texnologiyası" fənnindən dərs deyib, 1959-60-cı illərdə Bakı Dövlət Universitetinin "Fiziki-kimya" kafedrasına rəhbərlik edib və "Kimyəvi kinetika" sahəsi üzrə xüsusi kurslardan tələbələrə mühazirələr oxuyub.

M.Nağıyevin fizika, kimya, kibernetika, riyaziyyat və iqtisadiyyat kimi elmləri özündə birləşdirən resirkulyasiya proseslərinin nəzəriyyəsini yaratdığını deyən V.Fərzəliyev onun ana dilimizdə neft texnologiyasına dair ilk dərsliyin müəllifi olduğunu da vurğulayıb. Qeyd edib ki, akademik M.Nağıyevin çoxşaxəli elmi-tədqiqat işləri 300-dək elmi əsər, 30 fundamental monoqrafiya, 12 müəlliflik şəhadətnaməsində əksini tapıb. Onun rəhbərliyi ilə 3 elmlər doktoru və 30 fəlsəfə doktoru hazırlanıb.

Bildirilib ki, kimya texnologiyasının riyazi modelləşdirilməsi, neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetika və termodinamikası və digər bu kimi sahələrin nəzəri əsaslarını yaradan alim Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada, bir sıra dövlət mükafatlarına layiq görülüb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı görkəmli alim M.Nağıyevin zəngin fəaliyyəti sayəsində Azərbaycan elminə dəyərli töhfələr verdiyini, kimya üzrə yeni istiqamətin yaradıcısı kimi yüksək nailiyyətlər qazandığını qeyd edib. Akademik M.Nağıyevin xatirəsinin ADNSU-da daim əziz tutulduğunu deyən rektor onun vaxtilə bu ali məktəbdə dosent vəzifəsində çalışdığını xatırladıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində akademik Murtuza Nağıyevin adını daşıyan auditoriyanın açıldığını, bundan başqa universitetdə alimin adına təqaüdün təsis olunduğunu diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm TağıyevNeft-Kimya Prosesərələri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, akademik Ağadadaş Əliyev çıxış edərək həyatını elmə həsr edən M.Nağıyevin zəngin irsini öyrənməyin əhəmiyyətini xüsusi vurğulayıb, akademiklə bağlı xatirələrini bölüşüblər.

Sonda görkəmli alimin oğlu, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. T.Nağıyev, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.