Noy 14 , 2018 | 12:40 / ELMİN TƏBLİĞİ
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu rəhbərliyi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisədə Bakı şəhəri, Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov şagirdlərlə görüşdə ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını söyləyib. Son illərdə AMEA-da bu istiqamətdə mühüm işlərin görüldüyünü deyən alim “Açıq qapı” gününün keçirilməsində əsas məqsədin şagirdlərin riyazi dünyagörüşünün formalaşdırılması, onlarda riyaziyyat elminə marağın artırılması olduğunu bildirib.
Görüşdə, həmçinin məktəbin direktoru Sevinc Abbasova, həmin müəssisənin müəllimləri - Dünyamin Yəhyayev, Aygün İsgəndərova, Peykər Həsənova və institutun əməkdaşları - professor Məmməd Bayramoğlu, f-r.ü.f.d. dos. Vidadi Mirzəyev, f-r.ü.f.d. Əbdürrəhim Quliyev və r.ü.f.d Eminağa Məmmədov çıxış edərək 162 nömrəli tam orta məktəbdə riyaziyyat dərslərinin təşkili məsələləri ilə bağlı fikir və təkliflərini bildiriblər.