Noy 20 , 2018 | 02:00 / Mühüm hadisələr
20 noyabr 2018-ci il tarixdə AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda İnstitutun "Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları" laboratoriyasının vakant elan edilən müdiri vəzifəsinə seçkilər keçirilib. Bu vəzifəyə İnstitutun aparıcı elmi işçisi, Gənc alim və mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayevin namizədliyi irəli sürülüb.
2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun “Aşqarlarin sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2017-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışır. Həmçinin, 2013-cü ildən Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədridir.
2014-2015-ci illərdə Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texniki və Atatürk universitetlərində təcrübə keçib. Hazırda ABŞ Buffalo Universiteti əməkdaşları ilə nəzəri kimyanın kompüter kimyasına tətbiqi, Türkiyə, İtaliya və Belarus alimləri ilə canlı orqanizmdə baş verən patoloji hallara qarşı antioksidant, karbon anhidraz I, II izoenzimlər üzrə inhibitorların sintezi və tədqiqi ilə bağlı müştərək beynəlxalq tədqiqatlar aparır.
2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun, 2014, 2018-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Elm Fondunun gənc alim və mütəxəssislər arasında keçirdiyi qrant müsabiqələrin qalibi olmuşdur. Həmin ildə əldə etdiyi elmi nailiyyətlərə görə, gənclər üçün “akademik Əli Quliyev mükafatı”na layiq görülmüşdür.
Ümumilikdə 71 elmi işi çap olunmuşdur, onlardan biri monoqrafiya, biri Azərbaycan Rerspublikası Patenti, 45 məqalə (6-ı tək müəllifli məqalə), qalanları tezisdir. Məqalələrin 30-u "Tomson Reuters" Agentliyinin Elmi İnformasiya İnstitutunun (İSİ) ISI Web of Knowledge axtarış sistemində referatlaşdırılmış, Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komisiyasının da tövsiyə etdiyi yüksək resenziyalı xarici jurnallarda çap edilmişdir.
"Google Scholar Citations" və “ResearchGate” qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, tədqiqat sahəm üzrə 23 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş və onlara 273 istinad edilmişdir.
2016-cı ildən AMEA Aşqarlar Kimyası İnstitutunda magistratura pilləsində “Üzvi kimya” ixtisası üzrə təhsil alan magistrlərə “Zərif üzvi sintez” fənni üzrə mühazirə və laboratoriya dərslərini keçir, onların diplom işlərinə elmi rəhbərlik edir. Elmi rəhbərliyi altında 1 magistr müdafiə etmişdir. Hazırda 1 doktorant və 1 magistrin elmi rəhbəridir. Elmi rəhbəri oldugu Nizami rayonu 251-saylı məktəbin 10-cu sinif şagirdi Cavad Cəbrayılov 2018-ci ilin iyun ayında Türkiyədə keçirilən 38 xarici ölkədən 450 iştirakçının qatıldığı “OKSEF-2018” beynəlxalq layihə olimpiyadasında bürünc medal qazanmışdı.