ATU-nun tələbələrinə tibb hüququ fənni tədris olunacaq
Noy 29 , 2018 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1981 )

29 noyabr 2018-ci il tarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında hüquq elminin yeni sahəsi – tibb hüququnun tələbələrin tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadə memorandumun imzalanmasının hər iki qurumun gələcək inkişafı, eləcə də tibb hüququ elminin tərəqqisi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, tibb hüququnun tədris edilməsində əsas məqsəd həkim-pasiyent münasibətlərinin nizamlanmasının hüquqi əsaslarını təmin etməkdir.

“Tibb sahəsində fəaliyyət göstərən mütəxəssislər və həkimlər öz hüquqlarını bilməlidirlər” – deyən alim həkim-pasiyent münasibətlərinin tənzimlənməsində bu amilin mühüm rolu olduğunu deyib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli isə çıxışında son zamanlar rəhbərlik etdiyi qurumda mühüm islahatların aparıldığını, bu ali məktəbdə tədris proqramlarının beynəlxalq səviyyəyə uyğunlaşdırılmasının, dünya təcrübəsinin öyrənilməsinin əsas hədəflərdən olduğunu bildirib.

Tibb hüququnun öyrədilməsinin vacibliyini qeyd edən rektor bu fənnin universitetin tədris proqramına daxil edilməsinin yaxın gələcəkdə tələbələrin bilik səviyyələrinin artırılması və yüksəkixtisaslı yeni kadrların yetişdirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

O, ATU-nun magistratura pilləsinin tədris proqramına yeni “Tibbi menecment” ixtisasının daxil edilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Tədbirdə, həmçinin iki qurum arasında tibb sahəsində elm və təhsilin inteqrasiyası, birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.

Daha sonra iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədi hüquq elmləri doktoru A.Mustafazadə və professor G.Gəraybəyli imzalayıblar.

Memorandumda hüquq və insan haqları sahəsində birgə elmi əməkdaşlıq, tibb hüququ elminin inkişafı, elmi konfransların, seminarların təşkili, elmi məqalələrin və dərsliklərin nəşri, həmçinin tibb hüququ sahəsində milli qanunvericilik üçün layihə və təkliflərin işlənib hazırlanması, fiziki imkanları məhdud olan şəxslərin təlimi və inklüziv təhsili metodologiyasının inkişafı sahəsində təkliflərin hazırlanması əksini tapıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.