Noy 30 , 2018 | 12:25 / Mühüm hadisələr
Amsterdamda Azərbaycanın EaPConnect layihəsi ilə bağlı görülən işlərə dair hesabatı dinlənilib
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və həmin institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Babək Nəbiyev Niderlandın Amsterdam şəhərində keçirilən GEANT Assosasiyasının Baş Assambleyasının 16-cı iclası və EaPConnect layihəsinin İdarəetmə Şurasının iclaslarında iştirak ediblər.
Azərbaycanlı alimlər keçirilən iclaslarda Şərq Tərəfdaşlığı regionuna daxil olan bütün ölkələri (Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukrayna, Ermənistan) əhatə edən elektron elm infrastrukturu üzrə görülən işlər, eləcə də EaPConnect çərçivəsində KARDESSA layihəsinin icrası, antiplagiatlıqla bağlı aparılan müzakirələrdə yaxından iştirak ediblər.
Tədbirdə EaPConnect layihəsinin İdarəetmə Şurasının iclasında Şərq Tərəfdaşlığı ölkələrinin EaPConnect layihəsi ilə bağlı hesabatları dinlənilib. İclasda akademik R.Əliquliyev Azərbaycanın EaPConnect layihəsi ilə bağlı görülən işlərə dair hesabatını təqdim edərək, AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib.
İnstitutun EaPConnect layihəsi ilə bağlı hesabatı qəbul edilərək qənaətbəxş hesab olunub.
Qeyd edək ki, GEANT Baş Assambleyasının iclasında, həmçinin GEANT Assosiasiyasında İdarəetmə şurasının tərkibinin müəyyənləşdirilməsi üçün seçki keçirilib, vəzifələrə təyinatla bağlı səsvermədə akademik R.Əliquliyev iştirak edərək Azərbaycanı təmsil edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.