
Yan 07 , 2019 | 06:00 / Elmi müsabiqələr
“Sabahın alimləri” VIII Respublika müsabiqəsində iştirak etmək üçün onlayn qeydiyyat başa çatıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 140 məktəbdən 513 şagird, 322 layihə qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən şagirdlərin sənədlərinin qəbulu yanvarın 10-dək uzadılıb. Elmi Ekspertiza Komitəsi tərəfindən layihələr yoxlanılacaq və müsabiqəyə layiq görülən layihələrin siyahısı http://sabahinalimleri.edu.az/ internet səhifəsində açıqlanacaq.
“Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 12-dən 14-dək keçiriləcək. Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyili olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.
Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.