"Elm Günü" ilə əlaqədar tədbirlər planı qəbul olunub
Fev 13 , 2019 | 03:41 / Mühüm hadisələr
Oxunma ( 1976 )

Son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir.

Bu sahədə qəbul edilmiş mühüm qərarlardan biri də dövlət başçısının Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı olub. Həmin sərəncamda hər il martın 27-sinin Azərbaycanda Elm Günü kimi qeyd edilməsi qərara alınıb. Beləliklə, 2019-cu ildə ilk dəfə olaraq ölkədə Elm Günü keçiriləcək.

Bu əlamətdar günün ölkəmizdə yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası  tədbirlər planı qəbul edib.

Tədbirlər Planına əsasən, 2019-cu ilin fevral-mart aylarında elmdə fərqlənən alimlərə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının Fəxri fərmanlarının verilməsi, “Gənc qadınlar elmdə”, “Bitki aləmi”, “XXI əsrin ən səmərəli tətbiq işi” və digər müxtəlif nominasiyalar üzrə Rəyasət Heyəti tərəfindən müsabiqələrin keçirilməsi qərarlaşdırılıb.

Bundan əlavə, Bakıda və regionlarda Elm Günü ilə əlaqədar müasir dövrün aktual problemlərinə həsr edilmiş elmi seminarların, mühazirələrin, o cümlədən sərgilərin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda AMEA-nın elmi müəssisə və təşkilatlarında ali və ümumtəhsil məktəblərinin tələbə və şagirdləri üçün “Açıq qapı" gününün təşkili planlaşdırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.