Fotos
AMEA Geologiya və Geofizika İnstitutunda geoloq tələbələr üçün “Geologiya günləri”nə start verilib
Fev 18 , 2019 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2133 )

Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye və Bakı Dövlət universitetləri, həmçinin digər təhsil ocaqlarının geoloq tələbə və magistrlərindən ibarət geniş auditoriyada “Geologiya günləri” adlı seminar-təlimə start verilib.

Məlumat üçün qeyd edək ki, bu tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində reallaşmaqla dörd gün davam edəcək. Layihənin rəhbəri isə İnstitutun II kurs magistri, gənc mütxəssis Yusif Əliyevdir. Sözügedən fondun tam maliyyə dəstəyilə təşkil olunan layihəyə təşkilati dəstək İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən verilmişdir.

Tədbiri giriş nitqi ilə açan Yusif Əliyev gənclərin geologiya ilə bağlı biliklərinin inkişaf etdirilməsi, onların geoloji tədqiqatlarda istifadə olunan mütərəqqi yanaşma və metodologiyalarla tanış edilməsi, həmçinin çöl-tədqiqat işlərində müəyyən vərdişlərinin formalaşdırılması kimi məqsədləri ehtiva edən layihəsi haqqında geniş məlumat verib. Bununla əlaqədar, elmi-istehsalat müəsissələrində çalışan alim-mütəxəssislər tərəfindən layihə iştirakçıları üçün geologiyanın müasir prioritetlərinə həsr olunan seminar və təlimlərin keçrilməsi, palçıq vulkanlarına elmi-ekspedisiyanın təşkil və s. nəzərdə tutulub.  

Daha sonra  AMEA-nın Magistratura şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, BDU-nun “Geologiya fakültəsi”nin müəllimi İlqar Quliyev və s. sözügüdən layihə haqqında təəssüratlarını bölüşüblər.

Seminar-təlim öz işini SOCAR-ın əməkdaşı, yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədovun “Neft-qaz yataqlarında tektonik qırılmaların xarakterinin dəqiqləşdirilməsinə yeni yanaşma” adlı seminar mövzusunun təqdimatı ilə davam etdirmişdir.

Məruzə iştirakçılar tərəfindən xeyli maraqla qarşılanmışdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.