Fotos
Elm Gününə həsr olunmuş “Super Moon” adlı tədbir keçirilib
Fev 20 , 2019 | 04:07 / Mühüm hadisələr
Oxunma ( 1596 )

Fevralın 19-da “Tusi-Bohm Planetarium”da 27 mart – Elm Gününə həsr olunmuş “Super Moon” adlı tədbir keçirilib.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və “Tusi-Bohm Planetarium”un birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun gənc tədqiqatçıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan planetariumun direktoru, ŞAR-ın elmi işçisi Famil Mustafa son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən bir sıra dövlət əhəmiyyətli tədbirlər barədə məlumat verib. F.Mustafa ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 09 aprel 2018-ci il tarixli Sərəncamının elmin inkişafı və təbliğinə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

Planetariumun direktoru tədbirin adının “Super Moon” seçilməsinin təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Ay Yerin ətrafında dartılmış orbit üzrə hərəkət edir. Yəni ay ərzində bir dəfə ən yaxın məsafədə, bir dəfə isə ən uzaq məsafədə olur. Bu yaxın məsafələrin özü, təxminən 356-365 min kilometr arası dəyişə bilər. 19 fevral tarixinə təsadüf edən “Super Ay” (Super Moon) hadisəsində Ay Yerə 356,761 min kilometr məsafəyə qədər yaxınlaşacaq. F.Mustafa qeyd edib ki, bu zaman Ay daha parlaq görünür və səthindəki detallar daha aydın seçilir.

Daha sonra ŞAR-ın əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ədalət Ətayi  astronomiya ilə bağlı elmi-populyar məruzə ilə çıxış edib. Məruzəçi astronomiya elminin inkişaf tarixi, əldə olunan nailiyyətlər və perspektiv planlardan danışıb, eləcə də dünyanın yaranışı haqqında müxtəlif nəzəriyyələr barədə məlumat verib.

Tədbirin sonunda kosmosa səyahətlə bağlı sənədli film nümayiş olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.